Tramp: Əfqanıstandakı ABŞ qüvvələrinin sayı "qısa müddətdə" 4000-ə qədər azaldılacaq

ABŞ Prezidenti Donald Tramp bu ilin noyabr ayına qədər ABŞ-ın Əfqanıstandakı hərbi personalının sayının "təxminən 4000-dən 5000-ə qədər" azaldılacağını deyib.

Tramp bu açıqlamanı bazar ertəsi Əfqanıstanda Talibanın qrupun sülh müzakirəçisinin ABŞ Dövlət katibi Mayk Pompeo ilə video görüşdə Əfqanıstanda sülh prosesinin durumunu müzakirə etdiyini bildirməsindən sonra verib.

"Bu, artıq planlaşdırılıb. Qısa müddət ərzində qoşunların sayını 8000-ə, sonrakı mərhələdə isə 4000-ə qədər azaltmaq üçün hazırda danışıqlar aparırıq. 19 ildir ki, oradayıq" - deyə, Tramp mediaya bildirib. ABŞ prezidenti dəqiq vaxtı bildirməsə də, ancaq bunun "çox yaxında" həyata keçiriləcəyini bildirib.

Tramp noyabrda ABŞ-da keçiriləcək seçki günündə Əfqanıstanda nə qədər Amerika əsgərinin olacağı haqda sualın cavabında bunun "çox güman ki, 4000 ilə 5000 arasında" olacağını bildirib.

Şənbə günü jurnalistlərlə danışan ABŞ prezidenti "Əfqanıstanı kifayət qədər qısa müddətdə ərzində tərk edirik" deyib.

ABŞ hərbi qüvvələri Tramp administrasiyasının fevral ayında Taliban üsyançıları ilə sülh razılığı əldə etməsindən dərhal sonra tədricən əsgərlərin sayını azaltmağa başlayıb. Əfqanıstan müharibəsi ABŞ tarixində ən uzun - 19 illik müharibədir.

Birləşmiş Ştatlar fevraldan etibarən qoşunlarının sayını 13 min nəfərdən 8600-ə qədər azaldıb, eləcə də Əfqannıstandakı beş hərbi bazasını boşaldıb.

Razılığa əsasən, islamçı üsyançıların ölkənin terrorçular üçün sığınacağa çevrilməməsi haqda təəhüdləri qarşılığında Amerika və müttəfiq qüvvələrin bütün əsgərləri 2021-ci ilə qədər Əfqanıstandan çıxmalıdır.