AXCP fəalı həbs edilib (Yenilənib)

Bakının Nərimanov rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin üzvü Turan İbrahimi inzibati qaydada 7 sutka həbs cəzasına məhkum edib. Hakim Rəşad Abdullayevin sədrliyi ilə keçirilən prosesdə AXCP fəalı İnzibati Xətalar Məcəlləsinin 310.1 maddəsi (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) ilə təqsirli bilinib.

***

Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin üzvü Turan İbrahim yanvarın 13-də gecə saatlarında işdən evə gələrkən yaşadığı binanın qarşısında polis tərəfindən saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə aparılıb.

Bu barədə Amerikanın Səsinə İbrahimin əmisi Həsrət İbrahim bilidirib.

Həsrət İbrahim Turan İbrahimlə görüşüb. “Turan bildirdi ki, məni polisə müqavimət göstərməkdə günahlandırılar. Mən onlara deyirəm, harada və hansı polis əməkdaşına? Axı, belə bir hadisə olmayıb. Polis soruşub, Turan kimdir. Mən özümü polisə təqdim etmişəm və bölməyə gəlmişəm”, Həsrət İbrahim Turana istinadən bildirib.

Müxalifətçi gənc gecəni polis bölmməsində keçirib. Güman edilir ki, bu gün Nərimanov rayon Məhkəməsinə göndəriləcək.

Xatırladaq ki, Turan İbrahim hazırda həbsdə olan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğludur.

Rəsmi qurumlar hələ müxalifət fəalının saxlanmasının səbəbləri ilə bağlı məlumat yaymayıb.