Türkiyənin Avropa İttifaqına üzvlüyü barədə danışıqlarda irəliləyiş əldə olunub

Brüsseldə aparılan büdcə əməkdaşlıq danışıqları ilə Türkiyənin Avropa İttifaqına üzv olması təklifinin müzakirəsində yeni mərhələ başlanıb.

Çərşənbə axşamı maliyyə və büdcə təhcizatı üzrə 33-cü maddənin müzakirəsinə başlanılıb. Türkiyə Aİ-na üzv olmaq üçün 35 maddənin tələblərini yerinə yetirməlidir. Lakin Türkiyənin Kipr Respublikasını dövlət kimi tanımaması ilə 5 maddə müzakirə olunmamış qalır.

Avropa İttifaqı olaraq biz ələlxüsus fundamental hüquqlar və qanun aliliyi sahəsində sürətli islahat səylərinin vacibliyini vurğulamışıq.
Bert Koenders, Hollandiya xarici işlər naziri

"Avropa İttifaqı olaraq biz ələlxüsus fundamental hüquqlar və qanun aliliyi sahəsində sürətli islahat səylərinin vacibliyini vurğulamışıq," deyə Hollandiya xarici işlər naziri Bert Koenders danışıqları şərh edib.

Rəsmi Ankaranın uzun müddət dondurulmuş üzvlük təklifinin müzakirəsinin davam etdirilməsi Britaniyanın Aİ-nı tərk etməsindən bir həftə sonraya təsadüf edir.

Türkiyənin Aİ-dakı nümayəndəsi Ömər Çelik bu qərarın onun ölkəsinin Avropa İttifaqında mövqeyini gücləndirəcəyini deyib.

Bir çox avropalı müxtəlif səbəblərdən Türkiyənin Avropa İttifaqına üzv olmasına qarşı çıxır. Bu səbəblərə ölkənin əhalisinin əksəriyyətinin müsəlman olması və üzvlüyün ardınca Türkiyə əhalisinin digər Avropa ölkələrinə sürətli axını qorxusu daxildir.