ABŞ hərbi hava qüvvələrinin vertolyotu Yaponiyada qəzaya uğrayıb

ABŞ və Yaponiya rəsmiləri bildirir ki, ABŞ hərbi hava qüvvələrinə məxsus vertolyot Yaponiyanın cənubunda yerləşən Okinava adasında qəzaya uğrayıb.

Rəsmilər qəzanın avqustun 5-i ABŞ hərbi dəniz donanmasının Hansen düşərgəsi yaxınlığındakı təlim mərkəzində günortadan sonra baş verdiyini deyib.

ABŞ hərbi hava qüvvələrinin məlumatına görə ekipaj heyətinin dörd üzvündən üçünün vəziyyəti sabitdir. Dördüncü ekipaj üzvü barədə hələ məlumat yoxdur.

HH-60 vertolyotunun təlim missiyasını yerinə yetirdiyi zaman qəzaya uğradığı bildirilir. Rəsmilər hadisənin səbəblərini araşdırırlar.