Accessibility links

Prezident Barak Obama və Respublikaçı namizəd Mitt Romni Nyu Yorkda Hofstra Universitetində ikinci dəfə üz-üzə gəldilər. Seçicilərlə görüş formatında keçirilən debatda vətəndaşlardan 11 sualı cavablandıran namizədlər işsizlik, enerji, vergilər, və xarici siyasət məsələlərini müzakirə etdilər.

Ötən dəfəki debatdan fərqli olaraq, bu dəfə Barak Obama daha çox ötkəmlik nümayiş etdirdi və Mitt Romnini bəzi məqamlarda sərt tənqid etməkdən çəkinmədi.

Romninin iqtisadiyyatı dirçəltmək üçün irəli sürdüyü beş müddəalı plana rişxənd edən cənab Obama Respublikaçı namizədin Bain Capital şirkətindəki fəaliyyətini önə çəkdi:

“Qubernator Romninin beş müddəalı planı yoxdur, bir müddəalı planı var. Bu plan odur ki, yuxarı sinfin nümayəndələri fərqli qaydalarla oynasınlar,” deyə cənab Obama bildirdi.

Öz növbəsində Romni Obamanın dəyərləndirməsini reallıqdan xeyli uzaq adlandırdı. Respublikaçı namizəd bəyan etdi ki, orta sinfi sıxan onun planları deyil, prezidentin son dörd ildə yürütdüyü siyasətdir.

“Prezidentin siyasəti amerikalıları işə qaytarmayıb,” deyə Romni bildirdi.
Namizədlər tez-tez bir-birinin sözünü kəsir, bəzi hallarda aqressiv qarşıdurmaya çıxırdılar.

Liviyada ABŞ səfirinin öldürülməsi haqda deyilənlərə kəskin reaksiya verən prezident Obama rəqibinin onun milli təhlükəsizlik məsələlərini siyasiləşdirməsi haqda dediklərini “təhqiramiz” adlandırdı. Prezident debat izləyicilərini əmin etdi ki, onun administrasiyası ABŞ-a qarşı terror aktları törtəmiş adamları cəzalandıracaq.
XS
SM
MD
LG