Accessibility links

İran parlamentinin türk vəkilləri Ruhaniyə məktub yazıb


Məktubda ibtidai və orta məktəblərdə türk dilinin tədrisi tələb edilib

İran parlamentinin türk millət vəkillərinin türk dili və ədəbiyyatının ibtidai və orta məktəblərdə tədrisinə dair prezident Həsən Ruhaniyə birgə məktub ünvanlandığı bildirilir.

Madaniat NewsBasij News kimi xəbər portallarının nəşr etdiyi məlumat və məktubun surətinə istinadən, Ruhaniyə müraciəti İran Azərbaycanı, eləcə də Xorasan və Tehran kimi vilayətlərdən olan 42 türk deputat imzalayıb.

Qısa müraciətin mətni belədir:

Türk dili və ədəbiyyatının ibtidai və orta məktəblərdə tədrisi üçün dərsliklərin çapına və Təhsil Nazirliyi tərəfindən gərəkli tərtibatın təmin edilməsinə əmr etmənizi rica edirik.

“Hörmətlə və zati-alilərinizin İran İslam Respublikası Konstitusiyasının 15-ci maddəsinin icrası yönündə cəhdlərinizdən təşəkkür edərək, türk dili və ədəbiyyatının ibtidai və orta məktəblərdə tədrisi üçün dərsliklərin çapına və Təhsil Nazirliyi tərəfindən gərəkli tərtibatın təmin edilməsinə dair sərəncam verməyinizi rica edirik. - Türklərin yaşadığı bölgələrin bəzi vəkilləri.”

Sosial şəbəkələrdə 42 millət vəkilinin məktubunu müsbət bir addım kimi dəyərləndirən türk fəallar, xüsusilə “hakimiyyətin təhriflərinə baxmayaraq məktubda türk dili və kimliyinin doğru adlandırıldığı üçün” millət vəkillərinə təşəkkür edirlər.

Bu günlərdə türk dilinin məktəblərdə tədrisi tələbini millət vəkilləri parlamentdə etdikləri nitqlərində də səsləndiriblər. Təbriz və Mərənd deputatları Şəhabəddin Bimiqdar və Məhəmməd Həsənnejad avqustun 23-də məclis nitqlərində türk dilinin məktəblərdə tədrisini “Azərbaycan əhalisinin qanuni tələbi” kimi gündəmə gətiriblər.

XS
SM
MD
LG