Accessibility links

ABŞ Səfirliyi Fulbrayt Fakültə İnkişaf Proqramını açıq elan edib


Fulbright alumni
Fulbright alumni

ABŞ-ın Azərbaycandakı Səfirliyi 2023-2024-cü illər üçün Fulbrayt Fakültə İnkişaf Proqramını açıq elan edib.

ABŞ Səfirliyinin məlumatında deyilir ki, Fulbrayt Fakültə İnkişaf Proqramı hazırda öz ölkələrində dərs deyən müəllimlər üçün nəzərdə tutulub.

“Proqramın məqsədi iştirakçıları ABŞ-da tədris proqramının inkişafına dair ən yaxşı təcrübələr və nəzəri yanaşmalarla tanış etmək, habelə iştirakçılara akademik və tədqiqat mənbələrinə ümumi baxış da daxil olmaqla bir kurikulumun necə inkişaf etdirilməsi barədə konkret strategiyalar təqdim etməkdir,” məlumatda qeyd edilir.

Müraciət üçün son tarix 13 oktyabr 2022-ci ildir.

İştirakçılar açıq müsabiqə yolu ilə seçilir. Proqram ABŞ universitetində ödənişsiz təhsili, yaşayışı, sağlamlıq sığortasını və beynəlxalq aviabiletləri əhatə edir.

Müraciət edənlər Azərbaycan vətəndaşı olmalıdır və Azərbaycanda yaşamalıdırlar. Ərizəçilər şifahi və yazılı ingilis dilini bilməlidirlər (seçilmiş namizədlər seçim zamanı TOEFL imtahanından keçəcək).

Rəyçilər tərəfindən tövsiyə olunan ərizəçilər səfirliyin nümayəndələri, ABŞ və Azərbaycan alimləri və Fulbrayt məzunlarından ibarət seçim komitəsi tərəfindən ingilis dilində şəxsən keçirilən müsahibəyə dəvət olunacaq.

Rəsmi məlumatlara görə, hər il Azərbaycan tələbələri, tədqiqatçıları və müəllim heyətinə müxtəlif sahələrdə təxminən 15 Fulbrayt təqaüdü təqdim edilir.

"Azərbaycanda Fulbrayt proqramının məzunlar şəbəkəsi 180 Fulbrayt proqramının tələbəsi, 120 alim, 40 "Humphrey" proqramının mütəxəssisi və 50 TEA proqramının müəllimi ilə təmsil olunur.

Azərbaycanın təhsil naziri Emin Əmrullayev, BMT-nin Rezident Əlaqələndiricisi Ofisinin Tərəfdaşlıq və İnkişaf üzrə maliyyə müşaviri Şəms Mustafayeva, Qafqaz Regional Ekoloji Mərkəzinin proqram meneceri Tomris Bayramova və İqtisadi Tədqiqatlar Mərkəzinin təsisçisi Qubad İbadoğlu başda olmaqla məzunlarımızla fəxr edirik," ABŞ-ın Azərbaycandakı Səfirliyi 2021-ci ildə Fulbrayt Proqramının yaradılmasının 75-ci ildönümü və Azərbaycanda fəaliyyət göstərməsinin 26 illiyində qeyd edib.

XS
SM
MD
LG