Accessibility links

ABŞ səfirliyi: Səfir Mark Libbi etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etməyi həvəslə gözləyir


ABŞ səfiri Mark Libbi and içir (Mənbə: ABŞ səfirliyi)
ABŞ səfiri Mark Libbi and içir (Mənbə: ABŞ səfirliyi)

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi yanvarın 4-də ABŞ Dövlət katibinin köməkçisi Culyetta Noyes, habelə həyat yoldaşı Danuşia və oğlu Endryunun iştirak etdiyi mərasimdə and içib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Səfir Mark Libbi Bakıya qayıtmaq və ABŞ-ın Azərbaycandakı 11-ci səfiri kimi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməyi həvəslə gözləyir”, məlumatda qeyd edilir.

Səfir Libbi dekabrın 2-də Bakıya gəlib.

Dekabrın 15-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov səfir Mark Libbini qəbul edib. Görüş zamanı səfir Libbi etimadnaməsinin surətini nazir Bayramova təqdim edib.

Son dövrlərdə ABŞ-Azərbaycan münasibətlərində gərginlik yaşanıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də keçirdiyi mətbuat konfransında Amerikanın Səsinin sualının cavabında bildirib ki, ABŞ ilə Azərbaycan arasındakı əlaqələrlə bağlı Azərbaycan tərəfinin mövqeyi açıq şəkildə ifadə olunub.

“İndiki mərhələdə “gərgin” sözü əvəzinə daha yumşaq terminologiyadan istifadə edə bilərik. Bəli, oktyabr ayında bu, gərgin kimi xarakterizə edilə bilərdi”.

O, gərginliyin səbəbinin Azərbaycan tərəfi olmadığını deyib.

“Gərginliyin yaranmasının səbəbi göz qabağındadır, bunun da təşəbbüskarı Azərbaycan olmayıb, Dövlət katibinin köməkçisinin Konqresdə çıxışından sonra olub. Orada Azərbaycana qarşı bir sıra qərəzli ifadələrdən istifadə edilib. Azərbaycan tərəfi tamamilə adekvat olaraq məsələni cavablandırıb”, nazir qeyd edib.

Bayramovun sözlərinə görə, Dövlət katibinin köməkçisinin Konqresdə çıxışından sonra münasibətlərdə bir sıra inkişaflar qeydə alınıb.

“Biz Dövlət katibinin köməkçisinin Konqresdə çıxışından sonra bir sıra müsbət inkişafın şahidi olduq. Bu müsbət inkişaf Dövlət katibinin təşəbbüsü ilə Dövlət katibi ilə Azərbaycan Prezidenti arasında telefon danışığı, bundan sonra Konqresdə çıxış edən Dövlət katibinin köməkçisinin Azərbaycana səfəri, səfər kontekstində Azərbaycan-Amerika münasibətləri barədə bir sıra müsbət mesajların verilməsi olub”, nazir bildirib.

Azərbaycanın ABŞ-la münasibətlərin inkişafında hər zaman maraqlı olduğunu söyləyən Ceyhun Bayramov deyib: “Biz hesab edirik ki, ABŞ və Azərbaycan bir-biri üçün hər zaman yaxşı tərəfdaş olub. İstər enerji təhlükəsizliyi, nəqliyyat məsələləri ilə bağlı, istərsə də qlobal cinayətkarlığa, terrorizmə qarşı mübarizədə və digər istiqamətlərdə çoxsaylı layihələr həyata keçirmişik. Azərbaycan da hər zaman etibarlı tərəfdaş olub. Biz əlaqələrin inkişafında maraqlıyıq. Ancaq bunun bir qədər gərgin vəziyyətə gəlməsinin səbəbi Amerika tərəfindən səsləndirilib. İlkin müsbət mesajlar verilib. Bizim gözləntimiz ondan ibarətdir ki, bunun davamı olaraq münasibətlərin tamamilə normal, öz axarına qayıtması üçün ilk olaraq Amerika tərəfindən addımlar gələn il də davam etdiriləcək”, nazir Amerikanın Səsinin sualının cavabında deyib.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG