Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olmaq istiqamətində səylərini davam etdirir.
Bu barədə Armenpress xəbər agentliyinə danışan İttifaqın xarici işlər üzrə baş sözçüsü Peter Stano qeyd edib və Aİ Şurasının prezidenti Şarl Mişel, Xarici məsələr üzrə Ali Nümayəndə Cozep Borrel və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaarın Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olmaq üçün təmasları davam etdirdiyini bildirib.
“Avropa İttifaqı son bir neçə ildə münaqişənin qarşılıqlı məqbul həllinə nail olmaq üçün diplomatik səylərini əsirgəməyib. Biz Ermənistan və Azərbaycan rəhbərliyi ilə sıx təmasda olmuş, yorulmadan hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və digər məsələlərin yalnız sülh yolu ilə həllini dəstəklədiyimizi bəyan etmişik. Rabitə kanallarımız açıq qalır”, Peter Stano vurğulayıb.
Aİ-nin Ermənistanın ərazi bütövlüyünün pozulmasının qəbuledilməz olacağı və münasibətlər üçün ağır nəticələr verəcəyi barədə Azərbaycana aydın mesajlar verdiyini bildirən Peter Stano, “biz bu mövqedə möhkəm və sabit qalırıq”, deyə əlavə edib.
Azərbaycan prezidenti İlham Əliyev ötən həftə yerli televiziyalara müsahibəsində “Zəngəzur dəhlizi”nin açılmayacağı təqdirdə Azərbaycanın Ermənistanla sərhədləri açmayacağını deyib. Prezident Əliyev həmçinin Yerevan şəhərinin qədim Azərbaycan şəhəri olduğunu qeyd edib.
Müsahibə zamanı Ermənistanla sülh prosesinə toxunan İlham Əliyev deyib ki, sülh müqaviləsi imzalanmalıdır və sərhədlərin delimitasiya prosesi davam etməlidir. O, eyni zamanda, sülh müqaviləsinin zəmanətçilər olmadan iki suveren dövlət arasında imzalanmasına üstünlük verdiyini bəyan edib.
Azərbaycan prezidentinin bu çıxışı Ermənistan rəsmilərinin narahatlığına səbəb olub. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycandan ən yüksək səviyyədə verilən bəyanatların əldə olunmuş razılaşmalara zidd olduğunu və sülh prosesinə zərbə vurduğunu deyib.
“İlkin təəssürat ondan ibarətdir ki, bu razılaşmalara baxmayaraq, Azərbaycan Ermənistana qarşı ərazi iddiaları yaratmağa çalışır ki, bu da qəbuledilməzdir”, Nikol Paşinyan vurğulayıb.
Ötən il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə bəyanat yayaraq iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına, o cümlədən hərbçilərin azad edilməsinə dair razılıq əldə olunduğunu bildiriblər.
Dekabrın 13-də Azərbaycan və Ermənistanın delimitasiya olunmamış şərti sərhədində, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın İcevan rayonunun sərhədində hərbçilərin mübadiləsi olub. Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini təhvil verib.
Azərbaycan və Ermənistanın münasibətlərin normallaşdırılmasına dair birgə bəyanatı beynəlxalq ictimaiyyət, o cümlədən Avropa İttifaqı və ABŞ tərəfindən müsbət qarşılanıb.
Forum