Accessibility links

Fransa Senatı Azərbaycanın Qarabağdakı əməliyyatını pisləyən qətnamə qəbul edib


Fransa Senatı
Fransa Senatı

Fransa Senatı yanvarın 17-də Azərbaycanın ötən ilin sentyabr ayında Qarabağda keçirdiyi hərbi əməliyyatı pisləyən, Ermənistana hərbi dəstəyə, Azərbaycana qarşı sanksiyalara çağıran qətnamə qəbul edib.

Qətnamə layihəsinin müəllifi Bruno Retayo müzakirələrdə çıxışı zamanı Azərbaycanın ötən il 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirdiyi hərbi əməliyyatın “humanitar faciə və əsl etnik təmizləmə” ilə nəticələndiyini qeyd edib.

“Ermənistan Respublikasının ərazi bütövlüyü” başlıqlı qətnamə sənədi Qarabağ ermənilərinin geri dönməsinin təmin edilməsinə, habelə keçmiş tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın həbs edilən liderlərinin azad olunmasına çağırır.

Fransalı senatorlar Fransa hökumətini Ermənistana özünü müdafiə edə bilməsi, ərazi bütövlüyünə qarşı təhdidlərin qarşısını ala bilməsi üçün zəruri vasitələr, o cümlədən hərbi dəstək verməyə çağırıblar.

Fransa xarici işlər naziri Stefan Sejurne senatorlar qarşısında çıxış edərək Fransanın Ermənistana strateji sahələrdəki dəstəyini davam etdirəcəyini deyib. Nazir həmçinin qeyd edib ki, Fransa Azərbaycan və Ermənistan arasındakı münaqişənin dialoq yolu ilə və beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır.

Qətnamə 336 səs lehinə, 1 səs əleyhinə olmaqla qəbul edilib. 2 senator bitərəf qalıb.

Azərbaycan və Ermənistan hələlik qətnamə ilə bağlı münasibət bildirməyib. Ötən gün Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva qətnamə layihəsinin reallıqdan uzaq səhv məlumatlara əsaslandığını qeyd edib.

“157 saylı qətnamə layihəsi reallıqdan uzaq səhv məlumatlara əsaslanır. Regionda davamlı sülh perspektivi tələb edir ki, hər kəs alovu körükləmək əvəzinə məsələlərə adekvat yanaşsın”, Səfir X səhifəsində yazıb.

Azərbaycan sentyabrın 19-da ölkənin konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün Qarabağda “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Növbəti gün Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul edib və hərbi əməliyyatlar dayandırılıb.

Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın buraxılmasından sonra 100 mindən artıq erməni sakin Qarabağı tərk edib. Ermənistan Azərbaycanı Qarabağda “etnik təmizləmə” aparmaqda günahlandırıb.

Rəsmi Bakı bugünədək “etnik təmizləmə” ilə bağlı ittihamları qəti şəkildə rədd edib, Qarabağda qalan və qayıtmağa qərar verən erməni sakinlərin bütün hüquqlarının və təhlükəsizliyinin təmin ediləcəyini bildirib.

Fransa Senatı 2022-ci ilin noyabrında qəbul etdiyi digər bir qətnaməsində Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılmasına və Fransa hökumətini Qarabağ ermənilərinin müstəqilliyini tanımağa çağırmışdı.

Əvvəlki qətnamə kimi Senatın bu qətnaməsi də icbari xarakter daşımır.

Forum

XS
SM
MD
LG