Accessibility links

Avropa Komissiyasının Prezidenti Azərbaycan Prezidentinə zəng edib


Arxiv: Ursula von der Leyen və İlham Əliyev
Arxiv: Ursula von der Leyen və İlham Əliyev

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen aprelin 4-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı əsnasında tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər və bu xüsusda, bərpaolunan enerji, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər əməkdaşlıq sahələri qeyd olunub.

“Telefon danışığında aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli görüş məsələsi qaldırılıb. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken ilə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib”, məlumatda qeyd edilir.

Bundan əlavə, söhbət zamanı 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətinin vurğulandığı, tərəflərin Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək COP29-un iqlim fəaliyyəti və yaşıl keçid sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığını bildirdiyi qeyd edilir.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen telefon danışığı zamanı Aİ-Azərbaycan münasibətlərini müzakirə etdiklərini, həmçinin Azərbaycana minatəmizləmə işində dəstəyi artırmağa hazır olduqlarını deyib.

“Bu gün Prezident Əliyevlə telefon zəngində biz sabit və firavan Cənubi Qafqaz çərçivəsində Aİ-Azərbaycan arasındakı mühüm münasibətləri müzakirə etdik.

Biz minaların təmizlənməsinə dəstək üçün tədbirləri gücləndirməyə hazırıq.

Biz həmçinin Bakıda COP29-u necə uğurla həyata keçirməyi müzakirə etdik”, von der Leyen X səhifəsində yazıb.

Aprelin 5-də Brüsseldə keçiriləcək Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşü ərəfəsində çərşənbə günü ABŞ dövlət katibi Antoni Blinken də Azərbaycan prezidenti İlham Əliyevlə telefonda danışıb.

Rəsmi Bakının məlumatına görə, ABŞ Dövlət katibi aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfində narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda prezident İlham Əliyevlə danışaraq, məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.

Məlumatda həmçinin bildirilir ki, Antoni Blinken sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə bildirib ki, telefon danışığı zamanı Dövlət katibi ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin əhəmiyyətini vurğulayıb, enerji və iqlim prioritetləri də daxil olmaqla, artan tərəfdaşlıq təşəbbüslərini vurğulayıb.

“Dövlət katibi Blinken və Prezident Əliyev Azərbaycan və Ermənistan arasında bütün regiona iqtisadi fayda gətirəcək sülh prosesinin inkişaf etdirilməsinin vacibliyini müzakirə ediblər. Dövlət katibi sərhəddə gərginliyin artmasına heç bir əsasın olmadığını vurğulayıb və xəbərdarlıq edib ki, hər hansı tərəfin aqressiv hərəkətləri və ritorikası sülh perspektivlərini sarsıdacaq”, Miller qeyd edib.

ABŞ Dövlət katibinin həmçinin Azərbaycanın insan hüquqları və əsas azadlıqlarla bağlı beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini bir daha vurğulayıb və haqsız yerə həbs edilənlərin azad edilməsinə çağırdığı bildirilir.

Təhlilçi Fuad Şahbazov ABŞ Dövlət katibinin zəngindən sonra Avropa Komissiyasının Prezidentinin də Azərbaycan Prezidentinə zəng etməsini Qərbin Azərbaycanı yaxında saxlamağa çalışması ilə əlaqələndirdiyini hesab etdiyini bildirib.

“Dövlət katibi Blinkenin çağırışından sonra Qərb, görünür, anti-Qərb ritorikasının fonunda Azərbaycanı yaxında saxlamağa və Azərbaycan-Ermənistan sülh prosesində nüfuzunu saxlamağa çalışır”, Şahbazov qeyd edib.

Aprelin 5-də keçiriləcək Aİ-ABŞ-Ermənistan görüşü hələ ötən ilin oktyabrında Avropa Siyasi Birliyinin Qranada sammiti çərçivəsində Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra elan edilib.

Aİ-nin xarici məsələlər üzrə sözçüsü Peter Stano Amerikanın Səsinə bildirib ki, görüşdə Ermənistanla ikitərəfli münasibətlər müzakirə ediləcək, Azərbaycan-Ermənistan münasibətləri və ya iki ölkə arasındakı normallaşma prosesinə toxunulmayacaq.

Forum

XS
SM
MD
LG