Accessibility links

Türkiyə Aİ-ABŞ-Ermənistan görüşü barədə narahatlıq ifadə edib


Türkiyə aprelin 5-də Brüsseldə Avropa İttifaqı, ABŞ və Ermənistan arasında keçirilən üçtərəfli görüşün Cənubi Qafqazın geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacağını deyib.

Türkiyə Xarici İşlər Nazirliyi cümə günü yaydığı bəyanatda qeyd edir ki, Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonra regionda davamlı sülh və sabitlik üçün tarixi fürsət yaranıb və belə bir vaxtda üçüncü tərəflərin, xüsusən də regiondan kənarda olan tərəflərin prosesə ədalətli və qərəzsiz yanaşması, ehtiyatlı şəkildə zərər vurmaqdan qaçması daha da vacibdir.

“Bu kontekstdə aprelin 5-də Ermənistan, Aİ və ABŞ arasında keçiriləcək üçtərəfli görüşün regionun mürəkkəb problemlərinin həlli üçün əsas olmalı olan neytral yanaşmaya zərbə vuracağını açıq şəkildə vurğulamaq bizim borcumuzdur. Azərbaycanı istisna edən bu təşəbbüs sülhə xidmət etməkdənsə, Cənubi Qafqazın geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacaq”, bəyanatda qeyd edilir.

Türkiyə üçüncü tərəfləri regionun parametrlərini nəzərə almağa və münaqişə tərəflərinə bərabər məsafədən yanaşmağa çağırıb və Cənubi Qafqazın davamlı sülh və sabitliklə çiçəklənəcəyinə, layiq olduğu regional rifaha nail olacağına inandığını vurğulayıb.

Türkiyə bu mövzuda öz məsuliyyətini üzərinə götürməyə və Azərbaycan ilə Ermənistan arasında davamlı sülh üçün bu tarixi fürsət pəncərəsindən istifadə etməyə təşviq etməyə davam edəcəyini bəyan edib.

Aprelin 5-də keçiriləcək Aİ-ABŞ-Ermənistan görüşü hələ ötən ilin oktyabrında Avropa Siyasi Birliyinin Qranada sammiti çərçivəsində Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra elan edilib.

Ayrı-ayrılıqda həm ABŞ, həm də Avropa İttifaqı və Ermənistan yüksək səviyyəli görüşün üçtərəfli əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyini və heç bir üçüncü tərəfə qarşı yönəlmədiyini bildirir.

Rəsmi Bakı konfransla bağlı ciddi narahatlıq ifadə edərək onun tam şəffaf şəkildə keçirilmədiyini, regional inklüzivlikdən məhrum olduğunu və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya zidd olduğunu vurğulayır.

Sözügedən görüşə Azərbaycan və Türkiyə ilə yanaşı Rusiya da narazılıq ifadə edib. Martın 28-də Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Aİ-ABŞ-Ermənistan görüşünü “Qərbin Ermənistanın Rusiya ilə ittifaqını pozmaq səyləri” kimi qiymətləndirib.

Öz növbəsində ABŞ və Avropa İttifaqı tənqidləri qəbul etmir. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller qeyd edib ki, “aprelin 5-də bu görüşdə əsas diqqət Ermənistana öz ticarət əlaqələrini şaxələndirməyə və humanitar ehtiyacları həll etməyə kömək etmək üçün iqtisadi dayanıqlığa yönəldiləcək. Mən başa düşmürəm ki, niyə bu, hər hansı ölkə üçün problem olmalıdır”.

Görüş ərəfəsində ABŞ Dövlət katibi Antoni Blinken aprelin 3-də, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen isə aprelin 4-də Azərbaycan prezidenti İlham Əliyevlə telefonda danışıblar.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG