Accessibility links

Ağ Ev "Xocalı petisiyası"na rəsmi cavab verdi


Ağ Evin veb səhifəsində azərbaycanlıların yaratdığı iki petisiyaya Barak Obama administrasiyası rəsmi cavab verib.

Petisiyalardan biri "Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət yetirin. Azərbaycan ərazisinin 20 faizi Ermənistan ordusu tərəfindən işğal edilib" adlanır.

İkinci petisiya isə Xocalı qətliamını diqqətə çatdırır. Belə ki, petisiyaya imza atan azərbaycanlılar Obama administrasiyasını Xocalı qətliamı və onun qurbanlarını anmağa, o cümlədən müharibə cinayətlərini tanımağa çağırıb.

Amerikanın Səsi (www.amerikaninsesi.org) Ağ Evin rəsmi saytına istinadən bildirir ki, fevral ayının 25-də Ağ Ev bu iki petisiyaya birgə cavab verib. "ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair öhdəliyi var" adlı bəyanatda Ağ Ev petisiya iştirakçılarına təşəkkürünü bildirir: "Prezidentin rəsmi bəyannaməsi verilməyəcək, Amerika Birləşmiş Ştatları Ermənistanla Azərbaycan arasında baş vermiş müharibə zamanı faciəvi insan tələfatına görə dərin təəssüf hissi keçirir. Bu, bizə bir daha Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll ola bilməcəyini xatırladır. Münaqişənin yalnız sülh yolu ilə davamlı həlli regiona sabitlik, tərəqqi və əmin-amanlıq gətirə bilər. Minsk Qrupunun həmsədri kimi biz tərəflərlə bu istiqamətdə işi davam etdirməyə sadiq qalırıq və bu gün və hər zaman bunu bir daha xatırlayırıq."

İki petisiyaya ümumilikdə 250 minə yaxın insan imza atıb. Dağlıq Qarabağ və işğal olunmuş ərazilərə dair petisiyada 105686, Xocalıya dair petisiyada isə 126 828 nəfər iştirak edib. Bu iki petisiya ilə yanaşı azərbaycanlıların yaratdığı və imza hədəfinə çatan digər petisiya İran azərbaycanlılarının İranda haqlarının tapdanması ilə bağlı olub.
XS
SM
MD
LG