Təbrizin Mərkəzi zindanından 220 min dollar müqabilində müvəqqəti azadlığa buraxılan Əkbər Azad “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinə müsahibəsində mənəvi və fiziki işgəncələrə məruz qaldığını bildirib.
“Məni elə döydülər ki, dişlərim sındı və boynumun sümükləri yerindən oynadı. Mədəmin ağrımasına baxmayaraq dərman vermirdilər. Tehrandan gələn istintaqçı məmurlar istədikləri cavabları ala bilmədiklərinə görə, boynumdan və kürəyimdən zərbələr endirdilər. Zərbələr nəticəsində qollarımı işlədə bilmədim”, - deyə o qeyd edib.
Əkbər Azad bu günlərdə Dünya Pen klubuna üzv qəbul edilib. Cənab Azad Tehranda yaşayan azərbaycanlı bir qazetçidir. O, siyasi və mədəni fəaldır. 6 ay əvvəl - 2010-cu il mayın 25-də həbs edilib və Tehranın Evin zindanına göndəriləndən sonra, Təbrizin ETTELAAT idarəsinə aparılıb. 102 gün orada istintaq altında qaldıqdan sonra Təbrizin mərkəzi zindanına təhvil verilib və 2 ay da orada qalıb.
Əvvəlcədən cənab Azada nəylə ittihamlar olunduğu barədə heç bir məlumat verilməsə də istintaq dövründə ona qarşı ittihamlar irəli sürülüb. Siyasi fəalın dediyinə görə, "məmurlar onun İranın təhlükəsizliyini təhdid etdiyini, İranın ziddinə təbliğat apardığını, bu məqsədlə toplantı keçirdiyini, Azərbaycan adına təşkilat yaratdığını, xarici casusluq xidmətləri ilə əlaqədə olduğunu bildirib, 15-16 ittiham irəli sürüblər. “Bu ittihamlar sənədsiz sözlərdir. Mən onların hamısını rədd etdim”, - deyə Azad bildirib.
Əkbər Azad "14 tutulanlar" kimi məşhur olan qrupun üzvüdür. Bu qrupun üzvlərinin hamısı eyni zamanda tutulub və onlara eyni ittihamlar irəli sürülüb. Qrupun 12 üzvünün hərəsi 220 min dollar müqabilində müvəqqəti azadlığa buraxılıb. Qrupun üzvləri Ayət Mehrəlibəyli və Lətif Həsəni hazırda Təbriz ETTELAAT-nda istintaq altındadır.
O, azərbaycanlıların fəaaliyyəti barədə bunları deyib: "Azərbaycan fəalları heç kəsi yıxmaq və ya əzmək istəmir. Biz heç kimi təhqir də etmirik. Bizim kimi fəalların ancaq bir istəyi var. Azərbaycanın tarixi, mədəni irsi qorunmalıdır. İstəyirik ki, kimliyimizi, mədəniyyətimizi, dilimizi qoruyaq. Dilimizi, mədəniyyətimizi qoruyanda isə döyülürük, əzilirik. Ancaq, bu yolda işimizə davam edəcəyik. Bu yoldan geri çəkilsək ölü hesab olunarıq".
O bildirib ki, həm insan hüquqları haqqında beynəlxalq sənədlərdə, həm də İranın Əsas Qanununda azərbaycanlıların öz ana dillərində məktəblərinin olması, yazıb, oxumaları əksini tapıb. “Biz babalarımızdan qalan mədəniyyətimizi qorumaq istəyirik. Əgər kimsə bunu özünə təhlükə sayırsa, bu bizim günahımız deyil. İnsan haqları da bunu bizim haqqımız hesab edir. İranın Əsas Qanunununa görə də bu bizim haqqımızdır. Mən bilmirəm ki, niyə bundan qorxurlar. Əgər qorxurlarsa, deməli səbəbini özlərində axtarmalıdırlar”, - deyə milli fəal qeyd edib.
Əkbər Azad son10 ildə dəfələrlə həbs edilib. O, əvvəlki həbsləri ilə bu dəfəki həbsini müqayisə edərkən deyib: “İstintaqçıların qüdrəti yoxdur. Bu həbslər barədə dövlət, parlament və hökumət səviyyəsində qərarlar qəbul edilir və bizi keçmişə nisbətən daha çox sıxırlar . Bir zamanlar, "Yol" adlı bir jurnal çap edirdik, dövlət indi onu da bağlayıb. Qəzetlərimizi və dərnəklərimizi bağlayıblar. İndi durum əvvəlki dövrlərlə müqaisədə daha da çətin olub”.