Accessibility links

Amerika layihəsi Azərbaycanda 30 min uşağı, 8 min ailəni əhatə edib


Amerika layihəsi Azərbaycanda 30 min uşağı, 8 min ailəni əhatə edib
Amerika layihəsi Azərbaycanda 30 min uşağı, 8 min ailəni əhatə edib

Proqrama uyğun olaraq Azərbaycan üzrə 12 rayonda Uşaq və Ailələrə Dəstək Mərkəzi yaradılıb. Orta hesabla hər həftə 200 ailə mərkəzlərə müraciət edib və yardım alıb.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə Save the Children (Uşaqların Xilası) təşkilatının icra etdiyi “Dayanıqlı dəyişiklik naminə birgə fəaliyyət” layihəsinin sona çatması münasibətilə konfrans təşkil edilib. Forumda Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, USAİD-in Azərbaycandakı missiyasının direktoru Michael Grene, Təhsil Nazirliyinin şöbə müdiri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edib.
USAİD tərəfindən maliyyələşdirən və 7 il davam edən proqramın həyata keçirilməsinə 4,5 milyon dollar xərclənib. “Proqrama uyğun olaraq Azərbaycan üzrə 12 rayonda Uşaq və Ailələrə Dəstək Mərkəzi yaradılıb. Layihə 30 000 uşağın və 8 000 ailənin həyatını yaxşılaşdırmağa kömək edib”, - deyə Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza qeyd edib.
Onun sözlərinə görə, mərkəzlərin 11-i Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, 1-i isə Təhsil Nazirliyinin idarəçiliyinə verilib. “Hökumət bundan sonra hər il bu mərkəzlərin fəaliyyətini davam etdirmək üçün 2,5 milyon manat ayıracaq”.
Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva mərkəzlərin ölkə üçün əhəmiyyətindən danışıb. “İstəyirik ki, bütün rayonlarda belə mərkəz yaradılsın”, - deyə o qeyd edib.
Save the Children təşkilatının Azərbaycan üzrə rəhbəri Lesile Wilson deyib ki, proqram qayğıya ehtiyacı olan zəif əhali təbəqəsinin qarşılaşdığı çətinliklərə diqqət çəkmək, ehtiyacı olan uşaqlara daha güclü icma əsaslı dəstək qurulması və ehtiyaclarının ödənilməsini əhatə edib. “Layihə münaqişəli ailələrin, qaçqın və məcburi köçkün, kasıb ailələrin, valideynləri olmayan və küçəyə atılmış uşaqların hüquqlarının tanınması və müdafiə olunma sisteminin formalaşmasını əhatə edib. Orta hesabla hər həftə 200 ailə mərkəzlərimizə müraciət edib və yardım alıb. Hüquqların müdafiəsi üçün çoxsaylı hökumət və qeyri-hökumət təşkilatları ilə əlaqələr qurulub. Məlumat-informasiya mərkəzi, infrastrukur, idarəetmə sistemi yaradılıb. Təlimlər keçilib. Hətta müəllimlərin uşaqlarla rəftarı, danışığı ilə bağlı təlimlər keçirilib. Uşaqlarla elə danışılmalıdır ki, onlar özlərinə inam hissi ilə böyüsün”.
Onun sözlərinə görə, layihə əsasında 454 iş yeri açılıb. “44 min insana öz həyatlarını necə qurmaq barədə məlumatlar və məsləhətlər verilib. 36 uşaq öz təhlükəsiz bioloji ailələrinə qaytarılıb. Biz uşaqların onlar üçün təhlükə yaranma ehtimalı olan bioloji ailələrinə belə qaytarılmasının əleyhinəyik”, - deyə Lesile Wilson qeyd edib.

XS
SM
MD
LG