Accessibility links

O deputatların söz, mətbuat, toplaşmaq, seçki azadlıqları, siyasi məhbuslarla bağlı suallarına cavab verib

Iyunun 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında Azərbaycan prezidenti İlham Əliyev çıxış edib. Onun çıxışı Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyə başlaması ilə əlaqədar olub.

Əliyevdən əvvəl çıxış edən AŞPA prezidenti An Brasser İlham Əliyevin 2004-cü ildə AŞPA-ya daxil olarkən demokratiya və insan hüquqlarına, islahatlara riayət edilməsi zərurətindən bəhs etdiyini xatırladıb. “Demokratiya və şəffaflıq olmadan inkişaf olmaz”, deyə Brasser Əliyevdən sitat gətirib və əlavə edib ki, “ümid edirəm ki, siz indi də belə düşünürsünüz və deyilənlərə uyğun hərəkət edəcəksiniz”. O xatırladıb ki, həbsdə olan bəzi jurnalistlərə və fəallara baş çəkmək üçün imkan yaradılmasını istəmişdi. “Biz sizinlə bu məsələləri Bakıda müzakirə etmişdik, bu gün burada ümid edirəm ki, bizə belə bir imkan yaradılacaq”, deyə o bildirib.

Çıxışa başlayan Azərbaycan prezidentinin sözünü sədr kəsib, o, fotoreportyorlardan deputatlara Əliyevi dinləməyə mane olmamağı xahiş edib və iştirakçılardan çıxış zamanı replika atmamağı xahiş edib.

Öz növbəsində, İlham Əliyev çıxışının bölünməsindən narazılığını gizlətməyib və bununla bağlı istehza edib.

Daha sonra o bildirib ki, 2004-cü ildəki çıxışını yaxşı xatırlayır və Azərbaycan “Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirib və yetirir”.

“Biz bunu ona görə etmirik ki, buna məcburuq, ona görə edirik ki, bu, bizim özümüzə lazımdır. Bizdə bütün azadlıqlar, o cümlədən söz, ifadə, din, toplaşmaq azadlığı təmin edilib. Biz söz azadlığını məhdudlaşdıra bilmərik, biz onu təşviq edirik”, deyə Əliyev bildirib.

O qeyd edib ki, hökumət İnternetin inkişafında maraqlıdır və bu sahəyə böyük investisiyalar edir.

Prezident Əliyev Dağlıq Qarabağ münaqişəsinədn danışarkən deyib ki, Ermənistan təcavüzkardır və beynəlxalq ictimaiyyət bunu etiraf etməli, Yerevanı cavab verməyə çağırmalıdır. “Ermənilər Azərbaycanın tarixi ərazilərində öz dövlətlərini yaratmaq istəyirlər ki, bu da yolverilməzdir. Bundan başqa, müasir Ermənistan da Rusiya imperiyasının siyasəti nəticəsində Azərbaycanın tarixi ərazilərində yaradılıb”, o qeyd edib.

Əliyev beynəlxalq ictimaiyyətin və təşkilatların Ermənistana qarşı sanksiyalar tətbiq etməməsindən narazılığını bildirib. “Bu vəziyyət əbədi qala bilməz və Azərbaycan mütləq ərazi bütövlüyünü bərpa edəcək”, deyən Əliyev Ermənistan hakimiyyətini “kriminal rejim” adlandırıb, Ermənistan xalqının özünün də ondan azad olmalı olduğunu deyib.

Prezident Əliyev çıxışını yekunlaşdırdıqdan sonra yarım saat ərzində sualları cavablandırıb.

Belə ki, Avropa deputatları onlarla siyasi məhbus, fəalların həbsi və sərbəst toplaşmaq azadlığının pozulması, jurnalistlərin və blogerlərin həbsi və söz azadlığının pozulması haqqında soruşublar.

Cavabda Əliyev bildirib ki, Azərbaycanda peşə fəaliyyətinə görə həbs edilmiş jurnalist yoxdur. “Bizdə 2003-cü ildən etibarən diffamasiyaya görə həbs edilmiş jurnalist yoxdur, sizdə olan məlumatlar yanlışdır”, deyə o iddia edib.

Sonuncu prezident seçkiləri zamanı saxtalaşdırmalar haqqında suala cavabda dövlət başçısı Britaniyalı deputatı yalanda ittiham edib. “Siz sualınızda iki yalan söylədiniz. Birincisi, bütün müşahidəçilər təsdiq ediblər ki, seçkilər azad və ədalətli olub. Ən əsası, seçkilər xalqın iradəsini əks etdirib, pozuntu və saxtakarlıqlar isə sizin ölkənizdə var”, deyə o bildirib.

Hüquq müdafiəçisi Leyla Yunusun təqibinin səbəbi haqqında suala cavabda Əliyev deyib ki, “o, ondan müvafiq məlumat istəndikdə qaçmaq istəyib, bundan sonra onun barəsində müvafiq tədbirlər görülüb”.

Vətəndaş cəmiyyətinə və siyasi rəqiblərə qarşı təzyiqlərin səbəbləri haqqında suala cavabda dövlət başçısı bildirib ki, bu sualları verənlər tarixi bilmirlər. Azərbaycanda 1992-93-cü illərdə belə vəziyyət var idi. Bundan sonra stabillik dövrü yaranıb və indiyədək davam edir. “Bax yuxarıda oturan bu gənclər bunu xatırlamırlar” deyən Əliyev onun çıxışına etiraz edən siyasi mühacirlər qrupunu göstərib.

Prezident irlandiyalı deputatın siyasi məhbuslarla balı sualının cavabında deyib ki, Azəraycanda siyasi məhbus yoxdur. “Sizin dedikləriniz yalan və əsassız məlumatlar üzərində qurulub, ya da bizim ölkəmizə qarşı qərəzli mövqeyinizdən irəli gəlir. Siz yenə də Azərbaycanı təhqir etmək niyyətindəsiniz, amma bu, uğursuz cəhddir. Əminəm ki, sizin bu yöndə dünənki uğursuz təşəbbüsünüz də iki il əvvəlki təşəbbüs kimi eyni nəticələrlə sona çatacaq. 2013-cü ildə Kristofer Ştrasserin də bu istiqamətdəki təşəbbüsü tam uğursuzluqla nəticələnmişdi”.

O Azərbaycanın qəsdən ortaya atılmış təxribatın qurbanına çevrildiyini bildirib. “Biz dəqiq bilirik ki, bunun səbəbləri insan hüquqları, demokratiya, xüsusən də geopolitik məsələlərlə bağlı deyil. Sizin qəzetlərdə oxuduqlarınız Azərbaycana hücum etməkdə maraqlı qüvvələr tərəfindən təqdim edilib. Bir də deyirəm, Azərbaycanda siyasi məhbus yoxdur. O vaxt cənab Ştrasserin hazırladığı hesabat elə burdaca, bu zalda süquta uğramışdı. Çünki o hesabat böhtan xarakterli, yalan məlumatlar üzərində qurulmuşdu, siz indi eyni şeyi etmək istəyirsiniz. Siz Assambleyanın mövqeyini dəyişmək istəyirsiniz, amma yenə təkrar edirəm ki, bizdə siyasi məhbus yoxdur. Bundan başqa, Azərbaycan İnsan Hüquqları üzrə Avropa Konvensiyasına qoşulub, Avropa İnsan Hüquqları Məhkəməsinin üzvüdür və bütün belə məsələləri bu məhkəmədə qaldırmaq olar. Biz bu Məhkəmənin qərarlarına hörmətlə yanaşırıq. Bir daha təkrar edirəm, bizim ölkəmizə qarşı yönəlmiş həmlələr heç bir nəticə verməyəcək”, prezident deyib.

Show comments

XS
SM
MD
LG