Accessibility links

Avropa İttifaqı 2013-cü il prezident seçkiləri ərəfəsində Azərbaycanda hadisələrin inkişafını diqqətlə izləyir


Avropa İttifaqı 2013-cü il prezident seçkiləri ərəfəsində Azərbaycanda hadisələrin inkişafını diqqətlə izləyir
Avropa İttifaqı 2013-cü il prezident seçkiləri ərəfəsində Azərbaycanda hadisələrin inkişafını diqqətlə izləyir

Avropa İttifaqı 2011-ci ilin sentyabrında Varşava sammitində qəbul olunmuş öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Avropa İttifaqının (Aİ) Xarici İşlər üzrə Şurası fevralın 27-də keçirilən iclasında qəbul etdiyi sənəddə “Şərq tərəfdaşlığı” çərçivəsində əldə olunan mühüm irəliləyişdən və Aİ-ilə Azərbaycan, Gürcüstan və Ermənistan arasında münasibətlərin möhkəmlənməsindən məmnunluq ifadə olunur.

Aİ 2011-ci ilin sentyabrında Varşava sammitində qəbul olunmuş öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb və bildirib ki, islahatların tempi Aİ ilə tərəfdaşları arasında əməkdaşlığın intensivliyini müəyyən edəcək.

Sənəddə Aİ-nin Cənubi Qafqaz ölkələrindən hər biri ilə əməkdaşlığının qiymətləndirilməsi əksini tapıb. Azərbaycana aid bölmədə deyilir ki, Aİ assosiativ üzvlük barədə danışıqlarda irəliləyişə nail olunması üçün səyləri canlandırmağa çağırır. Aİ demokratik islahatlarda irəliləyişə nail olunmasının, qanunun aliliyinin, insan hüquq və əsas azadlıqlarına hörmətlə yanaşılmasının, xüsusilə fikir və toplaşma azadlığının, həmçinin Azərbaycanla ikitərəfli münasibətlərin gələcək dərinləşdirilməsi üçün mühüm amil olan beynəlxalq hüquq prinsiplərinin vacibliyini qeyd edir. Aİ bu istiqamətdə gələcək səyləri mühüm hesab edir və 2013-cü il prezident seçkiləri ərəfəsində Azərbaycanda hadisələrin inkişafını diqqətlə izləyir.

Aİ Azərbaycanı Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə xüsusi məruzəçisinə dəvət göndərməyə çağırıb. Aİ bütün islahatlarda uğurun əsas şərti kimi korrupsiyaya qarşı mübarizədə gələcək səylərin vacibliyini qeyd edir. Aİ ikitərəfli münasibətlər üçün enerji məsələlərinin vacibliyini vurğulayır və Transxəzər boru kəmərinin yaradılmasına dair Azərbaycan, Türkmənistan və Aİ arasında danışıqlar da daxil olmaqla, Cənub enerji dəhlizinin reallaşmasındakı irəliləyişi alqışlayır.

Digər bölmə regionda münaqişələrin dinc yolla nizamlanmasına həsr olunub. Aİ Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edir, rusiyalı hərbçilərin iştirakının davam etməsindən, Abxaziya və Cənubi Osetiya separatçı regionların dəstəklənməsindən narahatlığını bildirir. Aİ Rusiyanı atəşkəs rejimi haqqında 2008-ci il 12 avqust tarixli və tədbirlərin həyata keçirilməsi haqqında 2008-ci il 8 sentyabr tarixli sazişlər üzrə öhdəlikləri yerinə yetirməyə çağırıb.

Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan arasında irəliləyişin ləng getməsindən narahatlığını bildirib. Aİ əvvəlkitək ATƏT-in Minsk Qrupu həmsədrlərini dəstəkləyir və üçtərəfli danışıqlarda irəliləyişə nail olunmasında RF prezidenti Dmitri Medvedyevin səylərini təqdir edir. Aİ Madrid prinsiplərini bəyəndiyini bir daha bəyan edir və Azərbaycanla Ermənistanı bu prinsiplər üzrə razılığın əldə olunması üçün səyləri canlandırmağa çağırır. Aİ iki ölkə prezidentinin Minsk Qrupu çərçivəsində götürdüyü öhdəlikləri xatırladır və onları bu öhdəliklərin reallaşmasına çağırır. Bununla əlaqədar Aİ təmas xəttində gərginliyin artmasından narahatlığını bildirir, atəşkəs rejiminə əməl olunmasına dair təxirəsalınmaz tədbirlərin və inamın möhkəmləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edir. Aİ təşkilatın nümayəndələrinin Dağlıq Qarabağa və bitişik regiona şərtsiz daxil olması üçün imkanların vacibliyini qeyd edib. Şura Aİ ali nümayəndəsini və komissiyasını ATƏT ilə sıx məsləhətləşmələr aparmağa çağırıb.

XS
SM
MD
LG