Accessibility links

İranda həbsdə olan Azərbaycan vətəndaşları ilə görüşə imkan verilmir


Təbrizdə həbs edilən Xalidə Xalid və yerli fəallar
Təbrizdə həbs edilən Xalidə Xalid və yerli fəallar

Azərbaycan vətəndaşlarının nədə ittiham edildiyi bəlli deyil

Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynov hələ də Azərbaycan tərəfinə təhvil verilməyib. Bu barədə Amerikanın Səsinə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

“Azərbaycan vətəndaşlarının yaxın zamanda təhvil verilməsi üçün təmaslarını davam etdirir. Həm də vətəndaşlarımızla görüşə nail olmaq üçün təmasları davam etdiririk”, - o qeyd edib.

Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə Amerikanın Səsinə bildirib ki, İran tərəfinin hərəkətləri beynəlxalq hüquq və diplomatik normalara uyğun deyil.

Onun fikrincə, Azərbaycan vətəndaşları naməlum səbəblərdən tutulub.

“İran Azərbaycan vətəndaşlarının hansı əməllərinə görə həbs etdiyini izah etmir. Normal hüquqi, demokratik dövlətlərdə ilk öncə həbsin səbəbləri izah olunur. Diplomatik normalara uyğun olaraq həbs edilən şəxslə onun ölkəsinin səfirliyi və ya konsulluğunun əməkdaşlarının görüşünə imkan yaradılır”, - o bildirib.

V.Quluzadə müqayisə üçün deyib ki, Amerikada Rusiya vətəndaşı olan Viktor But diktator rejimlərə silah alveri ittihamı ilə həbs edilib. O həbs edilən kimi Rusiya diplomatik idarələri, ailə üzvləri, həyat yoldaşı ilə görüşünə şərait yaradılıb. İranda isə beynəlxalq normalar işləmir.

Keçmiş dövlət müşaviri həmçinin İrana geyməyin təhlükəli olduğunu da diqqətə çatdırıb. “İrana getmək çox təhlükəlidir. Hər bir adamı bilinməz səbəbə görə həbs edə bilərlər. Bu ölkədə beynəlxalq hüquq normaları yalnız rəhbərlik göstəriş verəndə tətbiq olunur”, - V.Quluzadə bildirib.

Azərbaycan vətəndaşları, - AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında Təbrizdə azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

Mayın 18-21-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin İran səfərindən sonra İranın Azərbaycandakı səfiri Azərbaycan vətəndaşlarının azad ediləcəyini bildirib. İndiki anda səfirlik prosedur qaydalarının həyata keçirildiyini bildirir. Amma, səfərdən 15 gün keçməsinə baxmayaraq Azərbaycan vətəndaşları hələ də Azərbaycan tərəfinə təhvil verilməyib.
XS
SM
MD
LG