Accessibility links

Əsas diqqət Yaxın Şərq, nüvə silahının yayılmaması, terrorizmə qarşı mübarizə, Balkanlarda vəziyyət və Suriya böhranına yönələcək.

Mayın 1-dən Azərbaycan BMT Təhlükəsizlik Şurasına bir ay sədrlik edəcək.

Azərbaycan Xarici İşlər nazirliyinin bəyanatında deyilir ki, sədrlik müddəti ərzində Azərbaycan Yaxın Şərq, Afrika və Balkan regionlarında cərəyan edən proseslər, o cümlədən, dünya ictimaiyyətinin diqqət mərkəzində olan sülh və beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə və münaqişələrin həll edilməsi kimi digər qlobal əhəmiyyətli məsələləri Təhlükəsizlik Şurasının gündəliyi çərçivəsində müzakirələrə çıxaracaq. “Azərbaycan prezidenti İlham Əliyevin qeyd etdiyi kimi “biz Təhlükəsizlik Şurasında, ilk növbədə, beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyik və müdafiə edirik”, - deyə sənəddə qeyd edilir.

Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycan Təhlükəsizlik Şurasının sədri olaraq, terrordan əziyyət çəkmiş bir ölkə kimi “Terror aktları ilə beynəlxalq sülh və təhlükəsizliyə yaradılan təhdidlər” mövzusunda yüksək səviyyəli iclas keçirməyi planlaşdırır. Bununla yanaşı, Azərbaycan Təhlükəsizlik Şurasındakı sədrliyi müddətində beynəlxalq ictimaiyyətin qarşısında duran əsas problemlərin müzakirələrə çıxarılması məqsədilə müxtəlif məsələlərlə bağlı iclasların keçirilməsini planlaşdırır.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev BMT radiosuna müsahibəsində bildirib ki, may üçün Şuranın iş proqramı hələ tam razılaşdırılmayıb, lakin məlumdur ki, əsas diqqət Yaxın Şərq və nüvə silahının yayılmaması, terrorizmə qarşı mübarizə, Balkanlarda vəziyyət və Suriya böhranının nizamlanmasına yönələcək.
O qeyd edib ki, ölkənin tarixində ilk dəfə olaraq Təhlükəsizlik Şurasına üzvlük və indiki sədrlik Azərbaycan üçün çox böyük önəm daşıyır. “Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizə məsələsi üzrə TŞ-də xüsusi diskussiya keçirmək niyyətindədir. İclasa sədrliyi ölkə prezidenti edəcək”.
Mayın ikinci yarısında Şura üzvlərinin Qərbi Afrikaya səfəri planlaşdırılır. Şura mayda Türkiyədə səyyar seminarın keçirilməsi ilə bağlı bu ölkədən dəvət alıb. Həmçinin mayın sonlarında Şura üzvlərinin Arias formulu üzrə ( hökumət nümayəndələri olmayan şəxslərin diskussiyalarda iştirakına imkan verir) münaqişələrin qarşısının alınmasına həsr olunmuş qeyri-rəsmi iclası keçiriləcək.
Cənab Mehdiyev ümid edir ki, Şura Kofi Annanın altı bənddən ibarət dəstək planı əsasında Suriya üzrə birliyi saxlaya biləcək. O, Sudan və Cənubi Sudanın üsyançı qruplaşmanı dəstəkləməyə son qoymasına tərəfdar olduğunu bildirib.
Nüvə silahının yayılmamasına gəlincə, daimi nümayəndə bildirib ki, Şura KXDR mövzusuna qayıdacaq. Çünki apreldə Şimali Koreya peykinin buraxılmasını pisləyən qətnamə ilə əlaqədar qəbul olunmuş hesabat mayda təşkilata daxil olacaq.

İran məsələsinə gəlincə, Şuranın mayda iş proqramına bu məsələ ə daxil deyil.

Azərbaycan 24 oktyabr 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına 2012-2013 illər üçün qeyri-daimi üzv seçilib. Yüksək rəqabət şəraitində keçən 17 turdan sonra Azərbaycan beynəlxalq ictimaiyyətin etimadını qazanaraq, BMT-nin 155 üzv dövlətinin dəstəyini əldə edib.



XS
SM
MD
LG