Accessibility links

Barak Obama iftar naharında nitq söylədi

  • Amerikanın səsi

Barak Obama iftar naharında nitq söylədi

Barak Obama iftar naharında nitq söylədi

Avqustun 10-da ABŞ prezidenti Barak Obama iftar naharında amerikalı müsəlmanlardan ibarət qrup qarşısında nitq söyləyib. Öz nitqində cənab Obama dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib. ABŞ lideri müsəlmanların Amerika həyatında oynadıqları mühüm roldan və cəmiyyətdə bütün dini-etnik qruplara, o cümlədən müsəlmanlara tolerantlığın bəhrəsindən danışıb.

Çıxışının girişində prezident Obama iftar nitqinin bir müddət öncə Ağ Evdə başlanmış ənənənin davamı olduğunu söylədi. O, Amerikada bütün etiqadlara hörmətlə yanaşıldığını və Amerika cəmiyyətinin rəngarəngliyə böyük dəyər verdiyini vurğuladı. “Biz kimliyimizdən, necə ibadət etməyimizdən asılı olmayaraq, hamımız Allahın övladlarıyıq,” deyə o, bildirdi.

Prezident Obama iftar naharına dəvət edilmiş xarici ölkə diplomatlarını və Konqresin iki müsəlman üzvünü - Keith Ellison və Andre Carsonu salamladı.

“Bu axşam biz möhtəşəm bir dinin öyrətdiklərini və möhtəşəm bir millətin dəyanətini xatırlayırıq. Bir çox dinlər kimi, İslam həmişə bizim Amerika ailəsinin tərkib hissəsi olub və müsəlman-amerikalılar həyatın bütün aspektlərində ölkəmizin gücünə və xarakterinə töhfə veriblər. Bu, son 10 ildə xüsusilə doğru olub.”

2001-ci il 11 sentyabr terror hücumlarının 10-cu ildönümünün yaxınlaşdığını qeyd edən prezident Obama həmin gün bir çox günahsız müsəlmanın da həyatlarını itirdiyini vurğuladı. O, Dünya Ticarət Mərkəzində ilişib qalanlara yardım etməyə gəlmiş və iş başında həlak olmuş müsəlman polis kadetinin qəhrəmanlığından danışdı. Daha sonra o, vətənpərvər müsəlman-amerikalıların müharibələrdə vətən uğrunda canlarından keçdiklərini deyib və həlak olanların ailə üzvlərini şərəfləndirdi.

“Biz onların uğrunda yaşadıqları, can verdikləri, fədakarlıq göstərdikləri Amerika olmalıyıq. Elə bir Amerika ki, o, müxtəlif mənşəli və inanclı insanlara sadəcə tolerantlıq nümayiş etdirmir, həmçinin rəngarənglikdən bəhrələnir. Elə bir Amerika ki, orada biz bir-birimizlə hörmət və ləyaqətlə rəftar edirik və yadda saxlayırıq ki, burada Birləşmiş Ştatlarda “onlar” və ya “biz” yoxdur, hamımız varıq.”

O, amerikalıları bəşəri ideallar ətrafında birləşməyə və öz aralarında ayriseçkiliyə yol verməməyə çağırıb. Amerikanın fundamental insan azadlıqları və hüquqlarının qoruyucusu kimi mühümlüyünü önə çəkən Barak Obama Amerikanı əsrlər boyu gücləndirən dəyərlərə sadiq qalmağa səsləyib.

XS
SM
MD
LG