Accessibility links

Beynəlxalq təşkilatlar Azərbaycan jurnalistləri ilə həmrəylik nümayiş etdirir


Beynəlxalq təşkilatlar Azərbaycan jurnalistləri ilə həmrəylik nümayiş etdirir

Beynəlxalq təşkilatlar Azərbaycan jurnalistləri ilə həmrəylik nümayiş etdirir

Ondan çox beynəlxalq təşkilat Bakıda söz və ifadə azadlığı ilə bağlı mesajlar verir

Bakıda “Söz və ifadə azadlığına beynəlxalq ictimai dəstək forumu” açılıb. Sentyabrın 10-dək davam edəcək forum çərçivəsində söz və ifadə azadlığı mövzusunda debatlar keçirilir, insan hüquqları mövzusunda foto və karikatura sərgisi fəaliyyət göstərir və konfrans təşkil edilib.

Dünyanın ondan çox beynəlxalq jurnalist və hüquq-müdafiə təşkilatının - “Sərhədsiz reportyorlar”, “Artikl 19”, “Freedom Hous”, Beynəlxalq Jurnalistlər Federasiyası, Ümumdünya Qəzetçilər Assosiasiyası, Sülh və Müharibə İnstitutunun nümayəndələri Azərbaycan jurnalistlərinə həmrəylik nümayişi məqsədi ilə ictimai foruma qatılıb.

Bu gün, 8 sentyabr - Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günündə mətbuat nümayəndələri ölkənin ilk müstəqil mediasının yaradıcısı Nəcəf Nəcəfov və 2003-cü ildə qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun məzarını ziyarət edib. Çıxış edənlər ölkədə jurnalistlər arasında həmrəyliyin zəif olduğunu bildirib. Onların fikrincə, mətbuatın hökumətdən asılılığı artdıqca jurnalistlər arasında həmrəylik azalır.

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı hesab edir ki, medianın hazırkı durumu jurnalist həmrəyliyinin daha da zəifləməsinə təkan verəcək.

MilAz saytının rəhbəri Üzeyir Cəfərovun fikrincə, son zamanlar mediaya dövlət dəstəyi artıb və jurnalistlərin həmrəyliyi daha da zəifləyib. “Hətta həbsdə olan media işçilərinin müdafiəsi ilə bağlı belə media rəhbərləri bir araya gələ bilmir”.

Reportyorların Azadlıq və Təhlükəsizliyi institutunun direktoru Emin Hüseyn hesab edir ki, Azərbaycan jurnalistləri ilə beynəlxalq təşkilatlar daha çox həmrəylik nümayiş etdirir, nəinki yerli media nümayəndələri.

“Artikl-19” və “Sərhədsiz Reportyor” Təşkilatlarının Bakıda səfərdə olan təmsilçiləri Azərbaycanda media azadlığına dəstək verdiklərini və həbsdə olan jurnalistlərin azadlığa buraxılmasının vacibliyini qeyd edib.

“Artikl-19” Təşkilatının icraçı direktoru Aqnes Kallamard jurnalist Eynulla Fətullayevlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını Azərbaycanın tezliklə icra etməyəcəyini düşünür. “Çoxsaylı beynəlxalq təşkilatlar cənab Fətullayevin və blogerlər Emin Millinin, Adnan Hacızadənin azad edilməsini tələb etmək üçün Bakıya gəlib. Biz onların təcili həbsdən azad edilməsini tələb edirik”,- deyə xanım Kallamard qeyd edib.

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qatillərinin tapılmamasına gəlincə, beynəlxalq təşkilatlar Azərbaycan hökumətini jurnalistin qatillərini və qətlin sifarişçilərinin məhkəmə qarşısına çıxarılması üçün çalışmağa səsləyib.

“Sərhədsiz Reportyorlar” təşkilatının yeni media departamentinin rəhbəri Lüsi Morion Azərbaycanda jurnalistlərə qarşı fiziki təzyiqlərin istintaqının uzadılmasından narahatlığını ifadə edib. “Jurnalistlərə qarşı çoxsaylı fiziki təzyiqlər olmasına baxmayaraq hökumət bu hadisələrə laqeyd yanaşır. Jurnalistlərə qarşı təzyiqlərlə bağlı cinayətlərin 95 faizi açılmamış qalır”, - deyə o qeyd edib.

XS
SM
MD
LG