Accessibility links

Elmar Məmmədyarov:"Con Kerri ilə görüş təsdiq etdi ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması səylərinin canlandırılmasında maraqlıdır" [Video]


Məmmədyarov - Kerri görüşü
please wait

No media source currently available

0:00 0:03:48 0:00

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibi Con Kerri ilə görüşüb

Birləşmiş Ştatlarda işgüzar səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov iyunun 3-də ABŞ Dövlət Departamentində dövlət katibi Con Kerri ilə görüşüb.

İkitərəfli görüşdə Azərbaycan-Amerika əlaqələri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Minsk qrupunun münaqişənin nizamlanması istiqamətində fəaliyyəti, Azərbaycanda demokratiyanın inkişafı kimi geniş məsələlər müzakirə edilib.

Görüşdən əvvəl Dövlət katibi Kerri və Xarici İşlər naziri Məmmədyarov mətbuat üçün açıqlama veriblər.

Elmar Məmmədyarovu Dövlət Departamentində salamlamayn dövlət katibi Kerri Azərbaycanı müxtəlif dinlər və təriqətlərə məxsus insanların birgə yaşaya bilməsinə gözəl nümunə olduğunu deyib. O, Azərbaycanın xarici işlər nazirinin Vaşinqtonda Amerika Yəhudi Konfransının illik qlobal forumunda çıxışını xüsusi qeyd edərək deyib: “Xarici işlər naziri Vaşinqtonda Amerika Yəhudi Konfransında çıxış edib və anti-semitizm, müxtəliflik və pluralizm məsələlərində mövqedən danışan zaman ayaq üstü alqışlarla qarşılanıb.”

Con Kerri Azərbaycanı ABŞ-ın mühüm tərəfdaşı adlandırıb.“Azərbaycan Əfqanıstanda, Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində mühüm tərəfdaş olub, eyni dərəcədə şimal nəqliyyat marşrutu və cənub qaz kəməri kimi bir sıra məsələlərdə bizim üçün əhəmiyyət daşıyır”-deyə o bildirib.


Elmar Məmmədyarov
please wait
Embed

No media source currently available

0:00 0:05:07 0:00

ABŞ Dövlət katibi Kerri Dağlıq Qarabağ münaqişəsinin regionda sabitliyin bərqərar olması qarşısında əsas maneə olduğunu deyərək, münaqişənin nizamlanmasının əhəmiyyətini qeyd edib. “Bu, dondurulmuş münaqişədir, regionun sabitliyinə hədə törədir və biz bu məsələ ilə məşğul olmalıyıq. Minsk qrupunun üzvü kimi Birləşmiş Ştatlar Azərbaycan və Ermənistana irəliyə gedən yolu tapmağa kömək göstərməkdə ciddi şəkildə maraqlıdır. Müharibənin başlaması, münaqişəyə qayıtmaq bizim üçün ən arzuolunmaz bir şeydir. Mən inanıram ki, irəliyə yol var. Biz tərəfləri etibarın möhkəmləndirilməsi istiqamətində bu yola gətirə biləcək tədbirlər görməyə, ya da məsələnin həlli yolunu tapmağa təşviq etmək üçün sakit və təmkinlə işi davam etdirəcəyik”-deyə Con Kerri bildirib.

Dövlət katibi Kerri ABŞ-ın Azərbaycanda demokratiya istiqamətində inkişafında maraqlı olduğunu deyib. “Biz eyni zamanda, Azərbaycanın ölkədə pluralism yaratmaq, regionda və eləcə də qonşuları ilə sülh və sabitlik şəraitində yaşaması üçün daha geniş demokratiya yolunda irəlilədiyini görmək istəyirik”-deyə ABŞ dövlət katibi bildirib.

Müxbirlər üçün açıqlama verən Elmar Məmmədyarov Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı olduğunu vurğulayıb. “Azərbaycan Birləşmiş Ştatlardan uzaq olsa da, bizim qarşılaşdığımız bütün problemlərin həll oluna biləcəyinə ümid edirik. Bunların ən başlıcası layiqli şəkildə sülh içində yaşamaq istədiyimiz qonşu Ermənistanla münaqişənin çözülməsidir. Biz münaqişənin bütün mənfi tərəflərinin keçmişdə qalmasını istəyirik və müvəffəq əməkdaşlıq və yaxşı qonşuluq şəraitində yaşayacağımız gələcəyə baxırıq”-deyə Elmar Məmmədyarov bildirib.

Dövlət katibi Con Kerri ilə görüşdən sonra xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərin suallarını cavablandırıb və görüşdən razılığını ifadə edib. O, ABŞ-ın münaqişənin həllinə xüsusi diqqət göstərdiyini qeyd edib. Xarici İşlər naziri cümə günü ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Londonda görüş keçiriləcəyini deyib.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG