Accessibility links

Gəncədə Bəxtiyar Hacıyevin məhkəmə prosesi başlayıb


Gəncədə Bəxtiyar Hacıyevin məhkəmə prosesi başlayıb

Gəncədə Bəxtiyar Hacıyevin məhkəmə prosesi başlayıb

Vəkillər cinayət işinə xitam verilməsi, Bəxtiyar Hacıyevin girov müqabilində azadlığa buraxılması, alternativ hərbi xidmətlər bağlı qanunvericilikdəki ziddiyyətlərlə bağlı vəsatətlər qaldırıb. Vəsatətlər məhkəmə tərəfindən təmin edilməyib. Avropa ölkələrinin deputatları hökumətdən heç bir şərt irəli sürmədən bu gənc insanları dərhal həbsdən azad edilməsini tələb edir.

Gəncə şəhər Nizami rayon məhkəməsində gənc fəal Bəxtiyar Hacıyevin məhkəmə prosesi başlayıb. Məhkəməni çoxsaylı ziyalılar və gənclər izləyib. Gənclər üzərində "Bəxtiyara ədalət istəyirik! Çünki Azərbaycanı sevirik! “şüarlar yazılmış köynəklər geyinib.

Vəkillər cinayət işinə xitam verilməsi, Bəxtiyar Hacıyevin girov müqabilində azadlığa buraxılması, alternativ hərbi xidmətlər bağlı qanunvericilikdəki ziddiyyətlərlə bağlı vəsatətlər qaldırıb. Vəsatətlər məhkəmə tərəfindən təmin edilməyib.

Müdafiə tərəfi ittihamın əsassız olduğunu və istintaqın açıq-aşkar pozuntularla aparıldığını bildirib.

Bəxtiyar Hacıyev istintaq zamanı hüquqlarının pozulduğunu, ona qarşı ayrı-seçkilik edildiyini deyib. “Bu ittiham siyasi xarakterlidir. Çünki, Azərbaycanda çoxsaylı gənc hərbi xidmətə çağırılmadan bakalavr pilləsindən sonra magistratura pilləsində təhsilini davam etdirib. Onlara qarşı, hər hansı ittiham irəli sürülməyib. Azərbaycan konstitusiyasında Alternativ hərbi xidmət haqqında müddəa olmasına və Azərbaycanın “Alternativ xidmət haqqında” qanun qəbul edəcəyi barədə Avropa Şurası qarşısında öhdəliyi olduğu halda indiyədək bu yerinə yetirilmir”, - deyə o qeyd edib.

Bəxtiyar Hacıyev Harvard Universitetinin magistridir. O 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olub. Cənab Hacıyev hazırki iqtidarın siyasətini kəskin tənqid edib və səsvermə zamanı qanun pozuntuları ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayıb.

Çoxsaylı beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin və həbsdə olan digər gənclərin azadlığa buraxılması ilə bağlı Azərbaycan hökumətinə müraciət edib. Bu günlərdə isə əksəriyyəti Almaniya parlamentinin olmaqla Avropa ölkələrinin 47 deputatı Bəxtiyar Hacıyev və internet aktivisti Cabbar Savalanın həbsdən azad edilməsi ilə bağlı Azərbaycan rəhbərliyinə müraciət edib.

“Bu bəyanatımızla Azərbaycan prezidenti İlham Əliyevdən təcili olaraq və artıq dərəcədə qayğıkeşliklə tələb edirik: Heç bir şərt irəli sürmədən bu gənc insanları dərhal həbsdən azad edin! Bu həbslər nəticəsində hüquqi dövlətçilik standartları pozulub və həmin insanların hüquqları qanunsuz olaraq məhdudlaşdırılıb”, - deyə parlamentarlar qeyd edir.

Sənəddə deyilir ki, fikir azadlığı və sərbəst toplaşmaq azadlığı hüquqlarına Azərbaycanda yaşayan insanlar da malikdir. Azərbaycan Avropa Şurasının üzvüdür. Hökumətiniz yalnız bu hüquqlara riayət etməyə görə yox, həm də onları fəal sürətdə qorumağa görə öhdəlik daşıyır”.

Deputatlar hesab edir ki, 2011-ci il martın 5-dən etibarən Harvard Universitetinin yetirməsi Bəxtiyar Hacıyev və onun kimi digər gənc insanlar inandırıcı olmayan əsaslarla həbs edilib. Məsələn, Hacıyev guya hərbi xidmətdən yayınmasına görə ittiham edilir. Lakin, bunun əsl səbəbi həmin gənc insanların internet vasitəsilə etirazlara çağırışlarıdır.

Bu gənclərin hansı şəraitdə həbsdə saxlanılması haqqında artıq çoxlu məlumatlar yayılır. Onların döyülməsi, işgəncələrə və güclü sürətdə həm ruhi, həm də fiziki təzyiqə məruz qalmaları barədə xəbərlər verilir”, - deyə sənəddə vurğulanır.

XS
SM
MD
LG