Accessibility links

Yeni GAMOH təşkilatının mərkəzi komitə üzvləri, bir gün Evin həbsxanasında saxlandıqdan sonra Kərəc şəhərinə göndərilib. Amerikanın Səsinin məhbusların ailələrindən əldə etdiyi məlumata görə, Lətif Həsəni, Mahmud Fəzli, Yürüş Mehrəlibəyli (Ayət), Şəhram Radmehr və Behbud Quluzadə hazırda Kərəcin Rəcayi-şəhr zindanının karantin bölümündə saxlanılır.

Amerikanın Səsinə müsahibə verən Behbud Quluzadənin bacısı Jila Quluzadə və Lətif Həsəninin həyat yoldaşı Əzəm Pirinin sözlərinə görə, milli fəallar iyulun 25-də Rəcayi-şəhr zindanından telefon vasitəsi ilə ailələri ilə təmas qurub. Onlar fəalların hələ də aclıq aksiyasını davam etdirdiklərini bildirib.

Aclıq edən fəalların durumlarının yaxşı olmadığını qeyd edən Əzəm Piri xüsusilə Mahmud Fəzli, Şəhram Radmehr və Behbud Quluzadənin ciddi sağlamlıq problemləri ilə üzləşdiklərini vurğulayıb.“Onları oturacaqsız bir van avtomobili ilə Təbrizdən Tehrana aparıblar. İki gün vanın içində bunları dolandırıblar ki, Evin ya Rəcayi-şəhr zindanı bunları təhvil alsın. Təhvil almırmışlar, o istidə eləsinə iki gün vanın içində dəmir üstündə oturublar. Evində bir gecə saxlayıblar, amma sonunda Rəcayi-şəhrə göndərildilər,”-deyə Yeni GAMOH başqanının həyat yoldaşı söyləyib.

Hər biri doqquz il həbs cəzasına məhkum edilmiş Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının liderləri Lətif Həsəni, Mahmud Fəzli, Yürüş Mehrəlibəyli (Ayət), Şəhram Radmehr və Behbud Quluzadə iyulun 13-dən Təbriz zindanında aclıq aksıyasına başlayıblar.

“Yeni GAMOH üzvləri tutulma, sorğu-sual və mühakimə proseslərində baş verən qanunsuzluqlar, onlara qarşı çıxarılan ağır həbs cəzaları, habelə apellyasiya məhkəməsində hüquqi prosedurun pozulmasına etiraz olaraq aclıq edirlər,”- Əzəm Piri daha əvvəl Amerikanın Səsi ilə müsahibədə qeyd edib.
XS
SM
MD
LG