Accessibility links

Corctaun Universitetində prezentasiya - Azərbaycanda iqtisadi miqrantlar və məcburi köçkünlər


Dağlıq Qarabağ Azərbaycan qaçqın və məcburi köçkünlər probleminin əsas mənbəyi olaraq qalır. Qaçqınların ən böyük hissəsini 1988-1994-cü illər arasında Azərbaycanın Dağlıq Qarabağ regionunu tərk etmiş, Ermənistandan çıxarılmış qaçqınlar və işğal olunmuş ərazilərdən məcburi köçkünlər təşkil edir. Bu sözləri Azərbaycanda iki il ərzində tədqiqat aparan amerikalı antropoloq alim Cennifer Vistrand Vaşinqtonda Corctaun universitetində Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyətinə dair prezentiyası zamanı deyib. Doktor Vistrandın tədqiqatının diqqət mərkəzində məcburi köçkün və qaçqın olan gənc azərbaycanlıların cəmiyyətdə öz rolu və məsuliyyətlərini necə başa düşdüyünü öyrənmək olub.
2006-2008-ci illər arasında Azərbaycana səfər edən tədqiqatçı alim gənclərin təhsil və sosial imkanları ilə yaxından tanış olmaq üçün araşdırmalarını Ucar rayonunda və Bakı ətrafında qaçqınlar və məcburi köçkünlərin yaşadığı yerlərdə aparıb.

Cennifer Vistrand hökumət rəsmiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə müsahibələr keçirib, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitini öyrənmək üçün onların evlərini ziyarət edib, onlarla söhbətlər aparıb. O, məktəblərdə yuxarı sinif şagirləri arasında özünün hazırladığı 15 səhifədən ibarət sorğu keçirib. Məktəbin 10-cu və 11-ci sinif şagirləri arasında keçirilən sorğunun məqsədi gənclərin ailə şəraiti, onların siyasi, iqtisadi, etnik-linqvistik, dini görüşləri, habelə təhsil-karyera ilə bağlı baxışlarını öyrənmək olub. Cennifer Vistanddın sözlərinə görə, o, ilk günlər məcburi köçkünlər üçün ayrıca məktəblərin olmasını təəccüb hissi ilə qarşılayıb.
“Mən tədqiqat işimi əsas etibarilə məktəblərdə aparırdım və mənə məcburi köçkünlər üçün ayrı məktəblərin olduğunu deyəndə təəccübləndim. Münaqişədən 15 ildən çox bir vaxt keçən zaman məcburi köçkünlər üçün ayrı məktəbin olması nə ilə izah edilir? Məcburi köçkünlərdən biri məni Bakı ətrafında Ağdamdan gəlmiş insanların yaşadığı qəsəbədəki məktəbə apardı. O mənə izah etdi ki, məcburi köçkünlərin çoxu ya işğal olunmuş ərazilərdən kənarda, ya da Bakının ətrafında yerləşiblər. Bu səbəbdən məcburi köçkün olan uşaqların onlarla eyni vəziyyətdə olan başqa məcburi köçkün uşaqlarla bir məktəbdə olmasına qərar verilib. Bu da məntiqi görünür.”

Azərbaycan qaçqınları və məcburi köçkünlərinin qarşılaşdığı iqtisadi çətinliklər və sosial problemlərdən danışan amerikalı tədqiqatçı başlıca iqtisadi problem kimi işsizlik səviyyəsinin yüksək olmasını göstərib. Onun bildirdiyinə görə, qaçqın və məcburi köçkünlərin yaşayış və həyat standartlarının aşağı, gəlir imkanlarının məhdud olması onlarda ümidsizlik və gələcəyə inamın azalmasına gətirib çıxarır. Gənclər arasında əsas problemlər, onun dediyi kimi, bundan qaynaqlanır və onlarda təhsili davam etdirmək istəyinin azalmasına səbəb olur.

Amerikanın səsinin suallarını cavablandıran Cennifer Vistrand deyib ki, qaçqın və məcburi köçkünlərin yaşlı nəsli bir zamanlar öz yerlərinə qayıtmaq ümidi ilə yaşadığı halda, gənc nəslin nümayəndələri arasında bu hiss o qədər güclü deyil, onların əsas hissəsi yaşadıqları yeni yerlərdə daha geniş imkanlara malik olmaq istəyir.
Cennifer Vistrand qaçqın və məcburi köçkünlər arasında qadın və qızların vəziyyəti ilə bağlı geniş apardırma aparıb. Amerikanın səsinin sualını cavablandıran tədqiqatçı deyib ki, qızların və qadınların təhsil imkanlarının artırılması onların gələcəkdə iqtisadi və sosial baxımdan inkişafı üçün yaxşı əsas ola bilərdi. O, qaçqınlar və məcburi köçkünlər arasında qızların erkən yaşlardan ərə verilməsi faktının onların gələcək imkanlarına mənfi təsir göstərdiyini bildirib.

“Mən xüsusilə Bakı ətrafında məskunlaşmış qızlar və gənc qadınları hökumətin proqramı əsasında universitetdə təhsil almaq imkanından istifadə etməyə təşviq etməyi mühüm addımlardan biri kimi görürəm. Amma bunu etmək üçün problemləri də görürəm. Onlar qarşısında öz mühitindən ayrılmaq və başqa şəraitə düşmək kimi çətinliklər mövcuddur. Amma qızların ali təhsil ala bilməsi çox mühüm bir inkişaf olardı. Mən Bakı ətrafında məskunlaşmış insanları ona görə qeyd etdim ki, onların şəhərdə ali təhsil alması və iş tapa bilməsi daha asan görünür. Bu, mümkün ola bilər.”

Doktor Cennifer Vistrand prezentasiyasının sonunda Azərbaycanda olduğu müddətdə qaçqın və məcburi köçkünlər tərəfindən səmimi və mehriban münasibət gördüyünü qeyd edib.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Show comments

XS
SM
MD
LG