Accessibility links

Əli Həsənov: "Ermənistan Azərbaycan torpaqlarını Füzuli istiqamətindən boşaltmağa başlamalıdır"


Əli Həsənov

Əli Həsənov

Azərbaycan Respublikası baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “Amerikanın səsi” radiosuna Azərbaycan məcburi köçkünlərinin doğma yurdlarına qayıtmasını nəzərdə tutan “Böyük qayıdış” proqramının detallar ilə bağlı müsahibə verib. O, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycana 60 milyard dollar ziyan dəydiyini bildirib.

Sual: Azərbaycan məcburi köçkünlərin doğma yurdlarına qayıtması məqsədi ilə “Böyük qayıdış” proqramı hazırlayıb. Proqramın əsas parametrləri nədən ibarətdir?
Cavab: Azərbaycan hökuməti artıq iki ilə yaxındır ki, “Böyük qayıdış” proqramını hazırlayıb. Proqram bütün beynəlxalq qurumlarla, o cümlədən beynəlxalq maliyyə institutları, ölkədə fəaliyyət göstərən bütün səfirliklər və hökumətin aidiyyatı qurumları ilə razılaşdırılıb. Qayıdış proqramı “Böyük sülh” sazişi imzalanandan sonra həyata keçirilməyə başlayacaq. Proqram, sülh sazişinə uyğun olaraq, mərhələli şəkildə həyata keçiriləcək. Rayonlar mərhələli şəkildə boşaldıldıqca, ilk növbədə mərhələli şəkildə minadan təmizləmə əməliyyatları aparılacaq. Azad edilən rayonda mina təmizləmə əməliyyatı başa çatdıqdan sonra Azərbaycan hökuməti bərpa işlərinə başlamaq üçün beynəlxalq qurumlarla birgə yenidən qiymətləndirmə aparacaq. Biz hesablamalar aparmışıq, ümumi ziyan 60 milyard dollardan çoxdur. Bununla bağlı statistika komitəsində sənədlər də mövcuddur. Ancaq beynəlxalq donor təşkilatlarda buna inam yaratmaq üçün, təklif etmişik ki, birgə qiymətləndirmə aparaq. Azərbaycan dövlətinin bərpa proqramını həyata keçirmək üçün ayıracağı kifayət qədər vəsaiti var. Ancaq dağıntılar çox böyükdür, faktiki işğal ərazisində istifadə üçün yararlı heç nə qalmayıb. Buna görə də, beynəlxalq donor təşkilatların köməyinə də ehtiyac var.
Bərpa prosesi aşağıdakı ardıcıllıqla, mərhələlərlə aparılacaq: minadan təmizləmə əməliyyatları, rayonlar üzrə ayrı-ayrılıqda dəymiş ziyanın və aparılacaq bərpa işlərinin yenidən qiymətləndirilməsi, üçüncü mərhələdə infrastrukturun - yol, kommunikasiya qurğularının və b. bərpası, sonra isə yeni qəsəbələrin tikintisi başlanacaq. Qəsəbələrin tikintisi başa çatdıqdan sonra məcburi köçkünlərin qaytarılması prosesi nəzərdə tutulur. Sonuncu mərhələdə isə yeni iş yerlərinin yaradılması həyata keçiriləcək.

Sual:
Qayıdışın ilk öncə hansı ərazidən başlanması daha faydalı olardı? Fikrinizcə, mina təmizləmə əməliyyatlarını neçə ilə başa çatdırmaq mümkündür?
Cavab: İlkin olaraq, Füzuli və Ağdam rayonlarının işğaldan azad olunması daha səmərəli olardı. Ayrılıqda nəzərdən keçirdikdə isə, birinci olaraq Füzuli rayonunun boşaldılması daha faydalıdır. Çünki burada söhbət kommunikasiyaların bərpasının tez həyata keçirilməsindən gedir. Əgər Ermənistan istəyirsə kommunikasiyalar tez zamanda açılsın, o zaman Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində boşaldılma həyata keçirilməlidir. Bu istiqamətdə torpaqların boşaldılması mərhələlərlə aparılarsa, kommunikasiyaların bərpası da tez zamanda həyata keçirilə bilər.
Mina təmizləmə agentliyinin hesablamalarına görə, bütün işğal ərazisində mina təmizləmə işlərini 5-10 il ərzində həyata keçirmək mümkündür. Amma, təbii ki, mina təmizləmə işləri də mərhələ-mərhələ rayonlar azad edildikcə aparılacaq. Bu sahədə çətinlik yaradan odur ki, Ermənistan tərəfində də ərazilərin planlı minalaşdırılması sxemləri yoxdur. Çünki vaxtı ilə Ermənistan tərəfdə də silahlı dəstələr özfəaliyyət şəklində olub və hər qrup ayrılıqda palansız şəkildə minalaşdırma aparıb.

Sual:
Ümumilikdə bərpa işlərini neçə ilə başa çatdırmaq olar? Bərpa işlərinə bütövlükdə nə qədər vəsait lazım olacaq?
Cavab: İşğaldan əvvəlki rayonlar üzrə əmlak hesabatları Statistika Komitəsində var. Hazırkı dövr üçün bu ziyan 60 milyard dollar təşkil edir. Ancaq bərpa işləri də daxil olmaqla, birgə hesablamalar göstərir ki, bu rəqəm daha çox ola bilər. Təbii ki, bərpa işləri donor təşkilatlarla birgə aparılacaq. Amma bu qiymətlər “Böyük sülh” sazişinin hansı şərtlərlə, hansı şəraitdə və nə vaxt imzalanmasından daha çox asılıdır. Saziş imzalandıqdan dərhal sonra donor konfransının keçirilməsi nəzərdə tutulur. Biz hesab edirik ki, bərpa işləri zamanı maliyyə problemi olmayacaq.

Sual:
Qayıdış zamanı daha ciddi problemlərdən biri də uzun müddət müharibə vəziyyətində yaşamış insanlar arasında əlaqə qurulmasıdır. Bu proses necə həyata keçiriləcək?

Cavab: Bəli, həqiqətən də belə bir ciddi problem mövcuddur. Çünki Azərbaycan 20 minədək şəhid verib, Ermənistanın da itkiləri olub. Ona görə də, bu insanların qayıdış baş verdikdən sonra, həmrəy şəkildə, qonşuluq mühitində birgə yaşayışlarını davam etdirməsi lazımdır.
Bir amili hər iki tərəf nəzərə almalıdır. Bizim torpaqlarımız qonşudur. Münasibətlərin necə olmasından asılı olmayaraq, qonşuluqda yaşamağa hər iki xalq məhkumdur. Bunu erməni tərəfi də dərk etməlidir ki, allah bizi qonşu yaşamağa məhkum edib və biz gec-tez qonşuluq şəraitində yaşamağa məcburuq.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG