Accessibility links

Məhəmməd Azadgər: Artıq ‘Federal İranın Milliyətləri Konqresi’ tərkibində qala bilməzdik [Audio-Müsahibə]


Məhəmməd Azadgər

Məhəmməd Azadgər

Azərbaycan Federal Demokrat Hərəkatının üzvü Amerikanın Səsinə danışır

Azərbaycan Federal Demokrat Hərəkati (AFDH) təşkilatının icra heyəti başqanı Amerikanın Səsi ilə söhbətdə İranın gələcəyi, İranda yaşayan etnik cəmiyyətlər ilə münasibətlər və bölgədə baş verən daxili muharibələr kimi mövzulara dair mənsub olduğu təşkilatın siyasətlərini şərh edib. Məhəmməd Azadgər bu yaxınlarda yayımladıqları “Demokratik Bir İran Uğrunda!” adlı bildiriş eləcə də, AFDH-nin Federal İranın Milliyətləri Konqresi-ndən ayrılma qərarına dair müraciəti haqqında danışıb.

Məhəmməd Azadgərin sözlərinə görə, Azərbaycan Federal Demokrat Hərəkati əsasən keçmişdə İranın sol təşkilatlarına üzv olmuş siyasi fəallar tərəfindən təsis edilib:

“Bizim təşkilatımızın üzvləri əsasən keçmiş sollardandır. Solçu olublar. Çeşitli təşkilatlardan gəliblər, Tudə Partiyası-ndan tutmuş Rəncbəran, Rah-e Kargər, Fədailər kimi təşkilatlardan. Təşkilatımızın əsas məsələsi Azərbaycandır və təqribən 13-14 il öncə Azərbaycanın belə bir təşkilata ehtiyacı olduğunu düşünərək demokratik bir platforma ilə meydana çıxdıq.”

Biz artıq Kürdüstan Demokrat Partiyası ya Konqresin ümumi siyasətlərini təqib etmək istəmirik. Çünki, bizim orada olmağımız əməldə bizi də o siyasətlərə bağlayır. Buna görə, ayrılma qərarımızı elan etdik.

O, AFDH-nin İran üçün federalizm istədiyini və eyni zamanda Azərbaycan Respublikası ilə İran Azərbaycanını ikiyə bölünmüş bir millət kimi gördüyünü ifadə edir.

“İstəyimiz federalizmdir. Xalqlarla qardaşlıqdır. Şimal və Cənub bizim üçün doğma qardaşlardır, bir millətik iki bölünmüşük. Gələcəkdə proseslər nə olacaq, birləşəcəyik ya uzaqlaşacağıq? Bu başqa məsələdir. Amma indi belədir vəziyyət,” deyə siyasi fəal əlavə edir.

Məhəmməd Azadgər təşkilatın bu yaxınlarda yayımladığı hər iki bildirişin Federal İranın Milliyətləri Konqresi-indən ayrılma qərarı ilə əlaqədar olduğunu bildirir:

Demokratik Bir İran Uğrunda adlı bildirişi yaymaqla məqsədimiz siyasətimizi yenidən ortaya qoymaq idi. Çünki bizim [içində] olduğumuz Milliyyətlər Konqresində müəyyən bir siyasət yürüdülürdü və bu müyyən atmosferin yaranmasına səbəb ola bilərdi... Son vaxtlar Orta Doğuda (Yaxın Şərq) mövcud olan gərginlik və bu bölgədə yaşanan olaylarla əlaqədar lazım gəldi biz öz mövqeyimizi yenidən müəyyənləşdirək və ortaya qoyaq ki, biz kimik və nəyik.”

Federal İranın Milliyətləri Konqresi (Congress of Nationalities for a Federal Iran), veb səhifəsində yazılanlara görə, İranın Kürdüstan, Bəluçistan, Əhvaz, Türkmənsəhra və Azərbaycan bölgələrini təmsil edən təqribən 10 təşkilat və qurumdan təşkil olunur.

Biz Azərbaycan xalqı deyəndə [türklərdən əlavə] Azərbaycan siyasi coğrafiyasında yaşayan kürdlər, talışlar, aysorlar və ermənilər kimi cəmiyyətlər də buna daxildir.

Konqresə üzv təşkilatlar gücləri və əlaqədar bölgələrdə nüfuzları baxımından yaxın səviyyədə deyillər. Bu təşkilatların bir neçəsi o cümlədən, İran Kürdüstanı Demokrat Partiyası və İran Kürdüstanı Komele Partiyasının çoxsaylı silahlı döyüşçü eləcə də, bəzi ölkələrdə ofislər və düşərgələrə sahib ikən, bir neçəsinin isə hər hansı fəaliyyət mərkəzi ya ofisi yoxdur.

Konqresin tərkibində ən nüfuzlu təşkilat olaraq bilinən İran Kürdistanı Demokrat Partiyası (İKDP) bu yaxınlarda silahlı qüvvələrinin (Peşmərgə döyüşçüləri) ölkə daxilində fəaliyyətə başladığını və lazım olduğunda İranın təhlükəsizlik qüvvələri ilə döyüşməkdən imtina etməyəcəklərinə dair bəyanat yaydı. Bəyanatın yayılmasından sonra, partiyaya mənsub Peşmərgə döyüşçüləri və Sepah qüvvələri arasında bir neçə isti qarşıdurma baş vermiş, hər iki tərəfdən həlak olanlar olmuşdur.

Məhəmməd Azadgər AFDH təşkilatının Konqresdən ayrılmağa dair qərarının əsas səbəbinin İKDP-nin yenidən silahlı fəaliyyətə başlaması ilə bağlı olduğunu vurğulayır:

İKDP-nin lideri Mustafa Hicri əmri altında olan Peşmərgə döyüşçüləri ilə görüşür

İKDP-nin lideri Mustafa Hicri əmri altında olan Peşmərgə döyüşçüləri ilə görüşür


“[Bu durumda] bizim Milliyyətlər Konqresində olmağımızın mənası yoxdur. Biz artıq Kürdüstan Demokrat Partiyası ya Konqresin ümumi siyasətlərini təqib etmək istəmirik. Çünki, bizim orada olmağımız əməldə bizi də o siyasətlərə bağlayır. Buna görə, ayrılma qərarımızı elan etdik.”

Məhəmməd Azadgər İran Kürdistanı Demokrat Partiyasının yenidən silahlı fəaliyyətə dönməsinin Səudiyyə Ərəbistanı və İran arasında gərginliklərin artması ilə əlaqədar olduğunu önə çəkir. Onun sözlərinə görə, İKDP özü bu görüşü rədd edir.

Milliyyətlər Konqresi öz veb səhifəsində bir bəyanat dərc edərək AFDH-nin ayrılma qərarına dair münasibət bildirib. Bəyanatda bu ifadələrə yer verilib:

Biz ümumiyyətlə hesab edirik ki, ölkəmizdə yaşayan xalqlarla işbirlik olmadan bu ölkə azadlıq və demokratiya üzü görməyəcəkdir. Mən inanıram ki, biz kürdlər, bəluçlar və ərəblər ilə işbirliyi aparmalıyıq.

“Azərbaycan Federal Demokrat Hərəkatının təmsilçiləri bizim mütəmadi olaraq həqiqi və ya onlayn şəkildə keçirdiyimiz toplantılarda bir dəfə belə iştirak etməmiş, yayımladıqları ayrılma qərarında dərc etdikləri tənqidləri yazılı ya şifahi şəkildə Konqres və ya onun üzv təşkilatları ilə paylaşmayıblar.”

Məhəmməd Azadgər həmçinin təşkilatın istifadə etdiyi bəzi terminlər haqqında şərhlərini Amerikanın Səsi ilə paylaşıb.

Onun açıqlamalarına görə, Azərbaycan Federal Demokrat Hərəkatının bəyanatlarında “milliyyət” ifadəsi İranın Azərbaycan, Kürdüstan, Əhvaz və Bəluçistan kimi bölgələrində çoxluqda olan türk, kürd, ərəb və bəluç kimi etnik qruplar üçün, “qövmiyyət” ifadəsi isə talış toplumu kimi daha kiçik və müəyyən bir siyasi coğrafiyaya sahib olmayan cəmiyyətlər haqqında istifadə edilib.

O, habelə deyib ki, “biz Azərbaycan xalqı deyəndə [türklərdən əlavə] Azərbaycan siyasi coğrafiyasında yaşayan kürdlər, talışlar, aysorlar və ermənilər kimi cəmiyyətlər də buna daxildir.”

AFDH təşkilatının icra heyəti başqanı əlavə edir, “biz ümumiyyətlə hesab edirik ki, ölkəmizdə yaşayan xalqlarla işbirlik olmadan bu ölkə azadlıq və demokratiya üzü görməyəcəkdir. Mən inanıram ki, biz kürdlər, bəluçlar və ərəblər ilə işbirliyi aparmalıyıq. Təəsüflə Milliyyətlər Konqresi bunu bacara bilmədi yoxsa millətlər birgə və qardaşca çalışmalıdır.”

XS
SM
MD
LG