Accessibility links

Müsavat Partiyası iqtidar-müxalifət görüşünə qatılmayacaq


Müsavat Partiyasının "Siyasi məhbuslara azadlıq!" mitinqi

Müsavat Partiyasının "Siyasi məhbuslara azadlıq!" mitinqi

Müsavat Partiyası fevralın 12-də Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək iqtidar-müxalifət görüşündə iştirak etməyəcək. Bu barədə Müsavat Partiyasının məlumatında deyilir.

Bununla yanaşı, Müsavat Partiyası iqtidarın ölkədə fəaliyyət göstərən siyasi partiyalarla, o cümlədən müxalifət partiyaları ilə təmas qurmaq, cəmiyyətdə mövcud olan problemləri müzakirə etmək təşəbbüslərini müsbət dəyərləndirir.

Müsavat Partiyası hesab edir ki, bu təşəbbüslərin real nəticələrinin olması üçün müzakirə olunacaq məsələlərin, iştirakçıların formatının tərəflərlə əvvəlcədən müzakirə edilərək razılaşdırılması vacibdir.

Müsavat Partiyası qeyd edir ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun bir qrup siyasi partiyaların rəhbərləri ilə təyin olunan görüşün mahiyyəti iqtidar nümayəndələri tərəfindən müxtəlif cür təqdim olunur. Bu görüşdə müzakirə ediləcək məsələlər əvvəlcədən razılaşdırılmayıb. Görüşün formatının hansı prinsiplərlə müəyyənləşdirildiyi məlum deyil.

Müsavat Partiyası ümummilli məsələlərlə bağlı bütün siyasi qüvvələrlə, o cümlədən Azərbaycan hakimiyyəti ilə dialoqa hazır olduğu barədə əvvəllər də açıqladığı mövqeyə sadiq olduğunu bəyan edir.

Müsavat Partiyası müzakirə ediləcək məsələlərin, müzakirələrdə iştirak edəcək tərəflərin formatının əvvəlcədən müəyyələnləşdiriləcəyi və razılaşdırılacağı təqdirdə iqtidarla ümummilli məsələlərə dair müzakirələr aparmağa hazırdır.

XS
SM
MD
LG