Accessibility links

NİDA-çı gənclər ittihamları qəbul etmir


 NİDA-çıların səssiz aksiyası

NİDA-çıların səssiz aksiyası

Noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə NİDA hərəkatının yeddi fəalı və “Azad gənclik” təşkilatının üzvü İlkin Rüstəmzadənin cinayət işi üzrə məhkəmə başlayıb.

Fəallar martın 10-da Bakının mərkəzində aksiya zamanı kütləvi iğtişaşlar hazırlamaqda ittiham olunurlar. İlkin olaraq gənclər qanunsuz silah və narkotik maddə saxlamaqda ittiham olunublar.

Bu ittihamlar əsasında mart-aprel aylarında NİDA üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov və Zaur Qurbanlı saxlanılıblar.

Mayda İlkin Rüstəmzadə həbs olunub.

İ.Rüstəmzadə və B.Quliyev xuliqanlıqda, əsasən Dənizkənarı bulvarda “Harlem Shake” rəqsi ifa etməkdə ittiham olunurlar.

Proses başlanmazdan əvvəl təqsirləndirilən şəxslərlə məhkəmə nəzarətçiləri arasında qalmaqal yaranıb. “NİDA"çılar zalda kənar şəxslərin olmasına etirazlarını bildirib, onların əvəzinə prosesə mətbuat nümayəndələri və ailə üzvlərinin dəvət olunmasını tələb ediblər.

Proses başlayandan sonra isə vəkillər çıxış edərək hakimdən proses zamanı zala kənar şəxslərin daxil olmasına imkan verməməyi xahiş ediblər.

Bundan sonra iclas zamanı prokuror ittihamnaməni oxuyub.

Təqsirləndirilən şəxslər ittiham aktına münasibət bildirərək özlərini təqsirli bilmədiklərini deyiblər.

Gənclər onlara qarşı irəli sürülən ittihamları rədd edərək bildiriblər ki, siyasi məqsədlərlə təqib olunurlar.

Hakim növbəti iclası 5 dekabr saat 10:30-a təyin edib.

Milli Şuranın sədri Cəmil Həsənli iclasın gedişini şərh edərək bildirib ki, ittiham “abstrakt” fikirlər üzərində qurulub, hər hansı sübut yoxdur.

C.Həsənli hesab edir ki, fəallar siyasi məqsədlə təqib olunur.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty İnternational» müttəhimləri «vicdan məhbusu» elan edib.
XS
SM
MD
LG