Accessibility links

NİDA-çıların məhkəmə hökmünə etiraz edənlər saxlanıb [Videolar]


Məhkəmə binası polis nəzarətindədir, yollar bağlanıb. Çoxsaylı insan NİDA-çılara dəstək üçün məhkəmənin qarşısına gəlib

Baki Ağır Cinayətlər Məhkəməsinin NİDA fəallarına hökmünə qarşı keçirilən etiraz aksiyası zamanaı 20-dən çox insan saxlanıb.

Saxlananlar arasında ictimai-siyasi fəallarla yanaşı, jurnalistlər, “Yeni Müsavat” qəzetinin reportyoru Məhəmməd Türkmən, “Azadlıq” qəzetinin reportyoru Xalid Qarayev də var.

Aksiya zamanı polis jurnalistlərə qarşı da zor tətbiq edib. Amerikanın Səsinin müxbiri Pərvanə Bayramova da zorakılığa məruz qalıb. NİDA tərəfdarlarının aksiyası (Foto facebook-da Sancaq səhifəsindən götürülüb)

NİDA tərəfdarlarının aksiyası (Foto facebook-da Sancaq səhifəsindən götürülüb)


Polis foto və videoçəkilişlərə mane olub, foto və videokameraları qırıb, jurnalistlərin əlindən planşetləri alıb. Bu səbəbdən də bir çox jurnalist müxtəlif xəsarətlər alıb.

***
NİDA Hərəkatının həbsdə olan 8 fəalına hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahin Novruzlu 6 Il, Məhəmməd Əzizov 7 il 6 ay, Bəxtiyar Quliyev 7 il, Rəşadət Axundov 8 il, Rəşad Həsənov 7 il 6 ay, Zaur Qurbanlı 8 il, İlkin Rüstəmzadə 8 il, Üzeyir Məmmədli 7 il müddətlərə azadlıqdan məhrum edilib.

Hökmdən sonra məhkəmənin qarşısına toplaşmış NİDA tərəfdaralrının etiraz aksiyası başlayıb. Aksiya iştirakçıları “Azadlıq”, “Ədalət” şüarları səsləndirib, himn oxuyublar.

Bu zaman polis güc tətbiq edib. Aksiya iştirakçıları və jurnalsitlər də (Amerikanın Səsinin hadisə yerində olan müxbiri Pərvanə Bayramova da təzyiqlə üzləşib) daxil olmaqla ərazidəki bütün insanlar təzyiqə məruz qalıb. Hazırkı anda iyrimidən çox insan saxlanıb. Saxlananlar arasında jurnalistlər də var.

İnsident davam edir.

*** NİDA tərəfdarlarının aksiyası (Foto facebook-da Sancaq səhifəsindən götürülüb)

NİDA tərəfdarlarının aksiyası (Foto facebook-da Sancaq səhifəsindən götürülüb)

İndiki anlarda məhkəmənin qarşısında olan NİDA tərəfdarları “Ədalətsizliklə ədaləti bərpa etmək olmaz!”,
“NİDA-çılara azadlıq və ədalət!" şüarları qaldırıb.

Bu zaman polislə insident yaşanıb və polis şüarları alıb.

***
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının 8 fəalına hökm oxunacaq.

Amerikanın Səsinin hadisə yerində olan müxbiri bildirir ki, məhkəmə binasına gedən yollar bağlanıb. Bina gücləndirilmiş polis nəzarətinə götürülüb. Məhkəməyə gələn NİDA tərəfdarlarının binanın qarşısına buraxılmasında ciddi maneələr var. Jurnalistlər də binanın qarşısına çətinliklə keçə bilir.

“Nida” Vətəndaş Hərəkatının 7 və “Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadə 2013-cü il mart-aprel aylarında saxlanaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. İstintaq dövründə isə Cinayət Məcəlləsinin 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.

Gənclər ittihamı qəbul etmir, siyasi sifariş adlandırır. Amnesty İnternational təşkilatı fəalları vicdan məhbusu elan edib.

Bununla belə aprelin 17-də dövlət ittihamçısı NİDA-çılara 6,5 ildən 8,5 ilədək həbs istəyib. NİDA fəalları isə cinayət işinə xitam verilməsini və azadlığa buraxılmalarını tələb edib.

Məhkəməyə və ittihama etiraz olaraq fəallar aprelin 17-dən aclıq aksiyasına başlayıb. Artıq 20 gündür ki, gənclər aclığı davam etdirir.

NİDA-çıların aclıq aksiyası yerli və beynəlxalq ictimaiyyət tərəfindən geniş dəstək tapıb. ABŞ Dövlət Departamenti, çoxsaylı beynəlxalq və yerli hüquq müdafiə təşkilatları gənc fəalları dəstəkləyən bəyanatlarla çıxış edib.

Məhkəmə iclasları zamanı çoxsaylı insanlar məhkəmə binasının qarşısına toplaşaraq gəncləri alqışlarla qarşılayır.

Show comments

XS
SM
MD
LG