Accessibility links

Pakistan və Suriyada döyüşənlərə hökm oxunub


 Dayəlik işi üzrə məhkəmə prosesi gedir

Dayəlik işi üzrə məhkəmə prosesi gedir

Aprelin 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunan Firdovsi Yusifov və Taleh Soltanovun barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA agentliyinin xəbərinə görə, məhkəmənin hökmü ilə F. Yusifov 11 il 6 ay, T. Soltanov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin ötən il sentyabrın 23-də yaydığı məlumata görə, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər Azərbaycan vətəndaşı saxlanılıb. Saxlanılanlar arasında F. Yusifov və T. Soltanov da var.

Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsində cinayət işləri başlanılıb.

Müəyyən edilib ki, Firdovsi Yusifov və Taleh Soltanov Pakistanın ərazisində həmin dövlətin və Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər. Pakistanda Firdovsi Yusifov və Taleh Soltanov tanış olaraq birlikdə qanunsuz silahlı birləşmələrdə iştirak etdikdən sonra Suriyanın ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrdə iştirak etmək qərarına gəliblər. Onlar bu məqsədlə 2013-cü ilin avqustunda Pakistandan İran ərazisinə qanunsuz keçərkən yerli hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb və 2014-cü il aprelin 24-də Azərbaycana təhvil veriliblər. Taleh Soltanovun arvadı və qayınanası isə Suriya ərazisində qanunsuz silahlı birləşmələrdə iştirak edən şəxslərlə əvvəlcədən əldə olunmuş razılığa əsasən, onların köməkliyi ilə bu ölkəyə keçiriliblər. İranda həbsdə olduğu müddətdə Taleh Soltanovun Suriyada övladı olub və hazırda onun ailə üzvləri qızğın döyüşlərin getdiyi ərazilərdə qalıblar.

XS
SM
MD
LG