Accessibility links

Güneylilər Professor Cavad Heyətin səhhətindən nigarandır


Prof. Cavad Heyət
Prof. Cavad Heyət

Türk dünyasının məşhur alimi, türkoloq və cərrah Bakıda xəstəxanadadır

Güneyli fəallar və sosial media istifadəçiləri ötən həftə səhhəti ilə bağlı problem yaşadıqdan sonra xəstəxanaya yerləşdirilən məşhur türkoloq, cərrah və "Varlıq" dərgisinin təsisçisi Professor Cavad Heyətin yenidən sağlığa qovuşması üçün dua edirlər.

Veb səhifələr və facebook kimi sosial şəbəkələrdə paylaşdıqları yazılar və şəkillərdə Prof. Heyəti “Azərbaycanın Varlığı”, “İran türklərinin mənəvi atası”, “varlığımızı dünyaya hayqıran” və “İranda türk varlğını qoruyan” kimi ifadələrlə təqdim edilən istifadəçilər ona dua edib, şəfalar diləyir.

1925-ci ildə Təbrizdə dünyaya gələn Cavad Heyət ali təhsilini Türkiyə və Fransada bitirdikdən sonra ölkəyə dönərək cərrah həkim olaraq çalışmaqla yanaşı İran və Güney Azərbaycanda türk dili və kültürünü qorumaq istiqamətində də geniş fəaliyyət sərgiləyib.

1962-ci ildə İranın ilk açıq ürək əməliyyatını gerçəkləşdirən azərbaycanlı cərrah tibbin digər sahələrində də bir çox irəliləyişlərə imza atıb.

Məşhur türk alim 1979 ilində Pəhləvi rejiminin çöküşü ilə bərabər yaranmış nisbi azad atmosferdən yararlanaraq “Varlıq” adını daşıyan “Türkcə-Farsca Kültürəl Dərgi” yaymağa başlayıb. 1979-dan bəri nəşr edilən "Varlıq" dərgisi türkologiya, türk xalqları, tarix, ədəbiyyat və sənət sahəsində Türkcənin muxtəlif ləhcələri və Türkmən dilində yüzlərlə elmi məqalə yaymışdır.

İranın Azərbaycan, Xorasan və Qaşqay Yurd bölgələrində yaşayan türklər arasında yüksək nüfuz sahibi olan Prof. Heyət ayrıca Türkiyə, Azərbaycan Respublikası və Orta Asiya Respublikalarının dövlət başçıları və başqa rəsmiləri ilə görüşmüş və yaxın təmaslarda olmuş yeganə güneyli şəxsiyyətdir.

Türkiyə Radio Televiziya (TRT) Qurumuna müsahibə verən türkoloqun yaxını Rza Heyət bildirib ki, Türkiyə və Azərbaycan rəsmiləri hazırda Bakı xəstəxalarında müalicə edilən məşhur cərrahın durumu ilə yaxından maraqlanırlar. TRT həmin istiqamətdə Türkiyədən Bakıya mütəxəssis həkimlər göndərildiyini xəbər verib.

XS
SM
MD
LG