Accessibility links

İrandakı etiraz aksiyaları Azərbaycanda dəstəklənir


İrandakı etiraz aksiyaları Azərbaycanda dəstəklənir
İrandakı etiraz aksiyaları Azərbaycanda dəstəklənir

DAK-ın həmsədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı sentyabrın 8-də saat 12-də İranın Bakıdakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçiriləcəyi barədə Bakı şəhər İcra Hakimiyyəti başçısına xəbərdarlıq məktubu göndərib.

Sentyabrın 3-də İranın azərbaycanlılar yaşayan Təbriz, Urmiyə və digər şəhərlərində Urmiyə gölünün qurumasına etiraz olaraq keçirilən aksiyalar Azərbaycan Respublikasında siyasi partiyalar, gənclər və qeyri-hökumət təşkilatları tərəfindən dəstəklənir.

İranda yaşayan azərbaycanlıların etiraz aksiyalarına dəstək olaraq son bir neçə gündə İranın Bakıdakı səfirliyi qarşısında bir neçə piket keçirilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası İranda Urmiyə gölünün qurumasının qarşısını almaq üçün vəsait ayrılmasını nəzərdə tutan qərarın parlament tərəfindən müdafiə edilməməsinə, azərbaycanlıların mədəni və fundamental hüquqlarının pozulmasına etiraz bəyanatı imzalayıb.

Müsavat Partiyasının bəyanatında isə deyilir ki, Urmiyə gölünün quruması ekoloji fəlakətin yaranmasına səbəb ola bilər və orada yaşayan milyonlarla insan yaşayış yerini tərk etmək məcburiyyətində qalar. “Bu səbəbdən yerli əhalinin və Güney Azərbaycanındakı soydaşlarımızın etiraz səsini qaldırması təbiidir və onların fədakar mübarizəsi bizdə qürur hissi yaradır”.
Müsavat Partiyası İranda yaşayan soydaşlarının etirazlarının haqlı olduğunu bəyan edir. “Dinc etiraz aksiyaçılarına qarşı İran hakimiyyət qüvvələrinin tətbiq etdiyi zorakılıqları pisləyir, həbs olunanların tezliklə azad olunmasını tələb edir, dünya dövlətlərinin və beynəlxalq təşkilatların bu məsələni daima diqqət altında saxlamasını məqsədəuyğun sayırıq”, - deyə sənəddə qeyd edilir.

Dünya Azərbaycanlıları Konqresi (DAK) də İranda yaşayan azərbaycanlılarla həmrəy olduğunu bəyan edir.

DAK-ın həmsədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı sentyabrın 8-də saat 12-də İranın Bakıdakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçiriləcəyi barədə Bakı şəhər İcra Hakimiyyəti başçısına xəbərdarlıq məktubu göndərib. “Son günlər Urmu gölünün qurumasına İran hökumətinin laqeyd münasibətinə etiraz əlaməti olaraq Güney Azərbaycanın Təbriz, Urmu və digər şəhərlərində kütləvi aksiyalar keçirilib. İran təhlükəsizlik qüvvələri dinc nümayişçilərə qarşı zor tətbiq edib, xeyli sayda soydaşımız yaralanıb və həbs olunub. Hətta ölənlərin olduğu bildirilir”, - deyə cənab Rüstəmxanlı bildirib.

XS
SM
MD
LG