Accessibility links

Iranda Azərbaycanlı ayətullah 500 qamçıya məhkum olunub

  • Insafəli Hidayət

Iranda Azərbaycanlı ayətullah 500 qamçıya məhkum olunub

Iranda Azərbaycanlı ayətullah 500 qamçıya məhkum olunub

Əlavə olaraq 4 il həbs cəzası verilən Mir-Məhəmməd-Sadiq Hünərvəri-Şucayi 800 dollar cərimə ödəməli və ömrü boyu dini əba geyinməməlidir

HRANA (İranın İnsan Haqları Fəallarının Xəbər Agentliyi) və Omidi Fərda saytı yazır ki, Şucayini “Höccətülislam” adlandırırlar. Qərbi Azərbaycanın Xoy şəhərindən olan Hünərvəri Şucayi Mollalar Məhkəməsinin üçüncü şöbəsində mühakimə olunub. Ona 500 qamçıdan əlavə, 4 il həbs cəzası da verilib. Məhkəmənin hökmünə əsasən Mir-Məhəmməd-Sadiq Hünərvəri-Şucayi 800 dollar (800 min tümən) cərimə ödəməli və ömrü boyu dini əba geyinməməlidir.

Fars mediaları xəbər başlıqlarında Şucayidən, Höccətülislam deyə bəhs edir, amma xəbərdə Şucayini müştehid ya ayətullah və Qum şəhərinin dini rəhbəri kimi tanıtdırırlar. Mir-Məhəmməd-Sadiq, İran İslam İnqilabının banisi və lideri Ayətullah Ruhullah Xomeyninin, islam rejiminin əsasını təşkil edən “Vilayəti Fəqih” nəzəriyyəsinin xüsusilə siyasi hakimiyyətin mollalara verilməsi barədə hissəsini tənqid edib.

Azərbaycanlı ayətullaha qarşı “casusluq və Almaniya səfirliyi ilə əməkdaşlıq”, “islamı Avropaya uyğun təqdim etmək layihəsində çalışmaq”, “islamın hüquqi əsaslarına müxalif olmaq”, “islam ehkamı ziddinə təbliğat aparmaq”, “milli təhlükəsizliyi təhlükə qarşısında qoymaq”, “mollaları və dövləti alçaltmaq” ittihamlar irəli sürülüb.

Xəbərlərə görə, azərbaycanlı ayətullah 11 ay əvvəl saxlanıb və 8 ay (250 gün) Tehranın Evin həbsxanasında bir nəfərlik kameraya salınıb, istintaq zamanı işgəncələrə məruz qalıb, fiziki təzyiqlər olub ki, televiziyada təqsirini boynuna alsın.

Xəbər mənbələri əlavə edir ki, ETTELAAT idərəsinin tələbi əsasında azərbaycanlı ayətullah Tehranın Evin həbsxanasının mollalar bölümünə verilməyıb və siyasi məhbuslarla bir yerdə saxlanılır. İran qanunlarında nəzərdə tutulmayan Mollalar məhkəməsi Ayətullah Ruhullah Xomeyninin əmri ilə təşkil edilib və orada keçirilən mühakimələr gizli saxlanılır. Bu məhkəmələrin qərlarına etiraz edilə bilmir

XS
SM
MD
LG