Accessibility links

İsa Qəmbər: Azərbaycan xalqı artıq belə yaşamaq istəmədiyini ortaya qoydu (AUDİO)


İsa Qəmbər: Azərbaycan xalqı artıq belə yaşamaq istəmədiyini ortaya qoydu (AUDİO)

İsa Qəmbər: Azərbaycan xalqı artıq belə yaşamaq istəmədiyini ortaya qoydu (AUDİO)

Müsavat başqanı hesab edir ki, hakimiyyət vəziyyətdən ciddi nəticələr çıxarmalıdır. Nə repressiyalar, zorakılıqlar, cinayət işləri ilə, nə müxalifətə qarşı, İctimai Palataya qarşı, müxalifət liderlərinə qarşı böhtan, təhqir kampaniyası ilə vəziyyəti dəyişmək, prosesi dayandırmaq mümkün olmayacaq.

Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsi radiosuna müsahibəsində İctimai Palatanın aprelin 2-də keçirdiyi etiraz aksiyası zamanı saxlananlar, həbs olunanlar, mövcud durum, yeni mitinqin keçiriləcəyi beynəlxalq ictimaiyyətin dəstəyi və inqilabi situasiyadan qaçmağın yollarından danışıb.

Sual: İctimai Palatanın aprelin 2-də keçirdiyi etiraz aksiyasından sonrakı durumu necə qiymətləndirirsiniz? Nə qədər fəal saxlanıb?

Cavab: Mitinq günü və mitinqdən əvvəl iki yüzdən çox silahdaşımız həbs olunub. Onlardan 30 nəfəri bu gün də həbsdədir. 20-25 nəfər müxtəlif müddətlərə inzibati cəza alıb. 5 nəfərə cinayət işi qaldırılıb. Hazırda onlara qarşı saxta cinayət işlərini rəsmiləşdirməyə çalışırlar.

Ümumilikdə hesab edirəm ki, İctimai Palatanın ölkədə əsas alternativ güc kimi formalaşması baxımından önəmli bir mərhələni yaşayırıq. 11 martda müstəqil gənclərin, 12 martda Müsavat Partiyasının və 2 apreldə İctimai Palatanın birgə aksiyası hesab edirəm ki, ölkədə vəziyyəti əsaslı şəkildə dəyişib. Azərbaycan xalqı artıq belə yaşamaq istəmədiyini, dəyişikliklərin zəruri olduğunu ortaya qoydu. Eyni zamanda, xalq bu dəyişikliklər üçün əzm, iradə və fədakarlıq göstərməyə hazır olduğunu da nümayiş etdirdi. Hakimiyyət vəziyyətdən ciddi nəticələr çıxarmalıdır, başa düşməlidir, dərk etməlidir ki, nə repressiyalar, zorakılıqlar, cinayət işləri ilə, nə müxalifətə qarşı, İctimai Palataya qarşı, müxalifət liderlərinə qarşı böhtan, təhqir kampaniyası ilə vəziyyəti dəyişmək, prosesi dayandırmaq mümkün olmayacaq.

Eyni zamanda, beynəlxalq birlik də qiymətləndirməlidir ki, Azərbaycan xalqı dəyişiklik istəyir və bu dəyişikliklər uğrunda mübarizəyə hazırdır. Bu nəticələri hər kəs görməli və qiymətləndirməlidir.

Biz yolumuza davam edəcəyik. İctimai Palata olaraq artıq növbəti mitinqin vaxtı bəyan edilib, 16 apreldə növbəti mitinq keçirmək fikrindəyik. 9 apreldə İctimai Palatanın növbədənkənar sessiyası keçiriləcək və həmin sessiyada yəqin ki, bu məsələ bir daha təsdiqlənəcək. Biz həm həbsdə olan silahdaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı işlər görürük, həm də aksiyalar zamanı dinc iştirakçılara qarşı çoxsaylı qanun pozuntularına yol vermiş hüquq-mühafizə orqanlarının nümayəndələri ilə bağlı prokurorluğa, məhkəmələr müraciətlər olacaq. Qanunları pozan hakimiyyət nümayəndələrinin cəzalandırılmasına nail olmağa çalışacağıq. Bunun üçün müdafiə komitəsi yaradılıb və fəaliyyət göstərir.

Sual: Hökumətdən dialoqla bağlı təkliflər varmı? Hökumət inqilabi situasiyadan qaçmaq üçün təkliflər verirmi? Dialoqla məsələnin həlli mümkündürmü? Hökumət nə etməlidir?

Cavab: Hakimiyyətdən heç zaman dialoq təklifi almamışıq və hazırda da belə təklif ortada yoxdur. Bizim mövqeyimiz isə bəllidir. Biz hökumətə açıq şəkildə mesaj vermişik ki, inqilabla üz-üzə qalmaq istəmirsə, xaotik bir inqilabi proseslə üz-üzə qalmaq istəmirsə köklü demokratik dəyişikliklərə, islahatlara başlamaq lazımdır.

Bunu, İctimai Palata olaraq sənədlərimizdə əks etdirmişik, çıxışlarımızda demişik. Bu gün də, mətbuat konfransında mən məsələləri bir daha diqqətə gətirdim ki, hakimiyyət mövqeyini dəyişməlidir. Həbs edilənlərin hamısı, həm mitinqlərlə bağlı, həm siyasi məhbuslar, vicdan məhbusları, həm də etiqadına görə həbs olunanlar azad olunmalıdır. Sərbəst toplaşmaq azadlığı, ifadə azadlığı bərpa olunmalıdır. Hakimiyyət saxta, qeyri-legitim parlamenti buraxmalıdır, yeni həqiqi bir seçki keçirmək üçün gərəkən addımlar atmalıdır. İlkin və bu günə olan mövqeyimiz bundan ibarətdir. Hesab edirik ki, bu çox kompromistli, çox sakit və konstruktiv irəli sürülən təkliflərdir və hakimiyyət bunu ölçüb-biçməlidir.

Sual: İndiki situasiyaya beynəlxalq dəstəyi necə qiymətləndirirsiniz və ya beynəlxalq ictimaiyyət hansı dəstəyi verməlidir?

Cavab: Beynəlxalq medianın dəstəyini hiss edirik. Son aksiyalar, istər 11, 12 mart, istərsə də 2 aprel aksiyası beynəlxalq mediada geniş işıqlandırılıb. Dünyada aparıcı agentliklər, qəzetlər, radio və televiziyalar bu aksiyaları işıqlandırıb, mövqe bildirib. İndi, daha çox beynəlxalq birliyin, beynəlxalq təşkilatların qərarlarına ehtiyac var. Böyük dövlətlərin, azad dünyanın lideri olan ölkələrin mövqelərinə ehtiyac var. Biz, son dövrlərdə beynəlxalq birliyin, azad dünyanın dünya miqyasında azadlıqlara, demokratiya uğrunda hərəkatlara dəstəyini gördük, qiymətləndirdik. Eyni zamanda, onu da nəzərə çatdırırıq ki, Azərbaycan ictimaiyyəti üçün bu sual hələ də aktuallığını saxlayır ki, beynəlxalq birlik, azad dünya azadlıq uğrunda mübarizə aparan xalqların yanındadır, yoxsa öz xalqlarına zülm edən avtoritar liderlərin nazı ilə oynamağı davam etdirmək niyyətindədir. Bu sual ictimaiyyət üçün aktuallığını qoruyub saxlayır və bu suala çox aydın, birmənalı cavab verilməlidir.

Sual: Amerikanın bu situasiya ilə bağlı mövqeyini necə qiymətləndirirsiniz?

Cavab: ABŞ-ın hakimiyyət strukturları artıq Azərbaycandakı proseslərə münasibət bildirib. O cümlədən Amerikanın ATƏT-dəki səfiri 12 mart aksiyasından sonra bəyanat vermişdi. 11, 12 mart aksiyaları ilə bağlı həbs edilənlərin sayını da göstərməklə, bunun yolverilməz olduğunu qeyd etmişdi. Azərbaycanda sərbəst toplaşmaq, ifadə azadlıqlarının bərqərar olmasının zərurətini vurğulamışdı. Azərbaycan hakimiyyətinə beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməyi xatırlatmışdı. Beynəlxalq təşkilatlar, xüsusən ATƏT-ə bu məsələlərə diqqətin artırılmasını xatırlatmışdı. Son vaxtlar bu tipli bəyanatlar olub. Hesab edirik ki, bu davam etdirilməlidir və daha aydın şəkildə bildirilməlidir.

XS
SM
MD
LG