Accessibility links

İsa Qəmbər: 15 vicdan məhbusu Azərbaycan hakimiyyətinin alnında qara bir ləkədir (Audio)


Müsavat Partiyasının başqanı İsa Qəmbər

Müsavat Partiyasının başqanı İsa Qəmbər

Müsavat Partiyasının başqanı Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycan iqtidarının İctimai Palatanın islahatlarla bağlı təkliflərinə məhəl qoymadığını deyib.

Müxalif qüvvələrin cəmləşdiyi İctimai Palatanın 2 aprel mitinqindən bir il keçir. Müxalifət qüvvələrinin 2010-cu il parlament seçkilərindən sonra, 2011-ci il aprelin 2-də keçirdiyi etiraz aksiyası paytaxt Bakının mərkəzində bir sıra meydan və küçələri əhatə etmişdi. Mitinqdən sonra çoxsaylı fəal saxlanıb. Hazırda beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınan 15 fəal həbsdədir.

Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycan iqtidarının İctimai Palatanın islahatlarla bağlı təkliflərinə məhəl qoymadığını deyib. Onun fikrincə, həbsdə olan gənclər Azərbaycanın demokratiya uğrunda mübarizə tarixini qızıl hərflərlə yazırlar.

Sual: Bu gün İctimai Palatanın (İP) 2 aprel mitinqindən bir il keçir. Azərbaycan hökuməti son bir ildə İP-nin hansı təkliflərini həyata keçirib?

Cavab: Hakimiyyət İP-nin tələblərinə, təkliflərinə hələ ki qulaq asmır. Son bir ildə Azərbaycanın problemlərinin müxtəlif istiqamətlərində təkliflər paketləri vermişik, ayrı-ayrı təkliflər irəli sürmüşük, ideyalar vermişik. O cümlədən, “Yol xəritəsi” kimi hərtərəfli və kifayət qədər mükəmməl sənəd hazırlamışıq. Bu, ictimaiyyətin də fikridir ki, Azərbaycanın avtoritarizmdən demokratiyaya keçidi üçün kifayət qədər mükəmməl bir sənəddir. Həmin sənədə də hakimiyyət bu günə kimi məsuliyyətli yanaşmayıb və həyata keçirilməsi istiqamətində addım atmayıb.

Hesab etmək olmaz ki, hakimiyyət İP-nin təkliflərinə qulaq asır. Amma, bəzən olur ki, hakimiyyət bizim bəzi sənədlərimizdəki təklifləri reallaşdırır. Məsələn, keçmiş prezidentlərin statusu ilə bağlı məsələ bizim sənəddə də var idi. Həmin istiqamətdə hakimiyyətin addımı olub. Amma, bütövlükdə hakimiyyətin bizim təkliflərə diqqətli yanaşmasını deməyə heç bir əsas yoxdur. Bu da ondan xəbər verir ki, hakimiyyət özünün avtoritar, korrupsioner mahiyyətindən əl çəkmək fikrində deyil. Dünyada gedən prosesləri, yeni demokratiya dalğasını dərk etmək gücündə deyil. Azərbaycanda ciddi demokratik dəyişikliklər barədə istər Azərbaycan xalqının, istərsə də beynəlxalq ictimaiyyətin çağırışlarına, tövsiyələrinə, tələblərinə qulaq asmaq fikrində deyil. Amma, bunun da bir həddi var. Hesab edirəm ki, mümkün qədər tez zamanda, hakimiyyət bu çağırışlara, tövsiyələrə qulaq asmalıdır. Əks təqdirdə, bu il martın 1-də Qubada baş verən hadisə, bütün ölkədə də baş verə bilər.

Sual: 2 Aprel mitinqindən sonra siyasətlə məşğul olan bir sıra şəxslər həbs edilməyə başladı. Hazırda beynəlxalq təşkilatların qiymətləndirdiyi kimi, ölkədə 15 vicdan məhbusu var. Bu məhbusların azadlığı istiqamətində hansı işlər görübsünüz?

Cavab: 2010-cu ilin sonunda parlament seçkilərindən sonra Müsavat, Xalq Cəbhəsi və bir sıra digər partiyalar, ölkənin aparıcı qeyri-hökumət təşkilatları, bir çox tanınmış intellektuallar bir araya gələrək İP-ni yaratdı. Azərbaycanda köklü demokratik dəyişikliklər ideyasını daha geniş vətəndaş hərəkatı adından səsləndirməyə başladıq. Ciddi etiraz aksiyaları keçirildi. Öncə, martın 11-də gənclərin etiraz aksiyası anons edilmişdi. Martın 12-də Müsavat Partiyasının kifayət qədər uğurlu və maraqlı bir aksiyası oldu. Bundan sonra, aprelin 2-də İctimai Palata mitinq keçirmək barədə qərar verdi. Aprelin 2-dəki mitinq Azərbaycanda son illərdə ən parlaq etiraz aksiyalarında biri idi. Burada minlərlə insan iştirak edirdi. Təəssüf ki, hakimiyyət cəmiyyətin bu təşəbbüsünə zorakılıqla, polis müdaxiləsi ilə cavab verdi. Dinc etiraz aksiyasına imkan yaradılmadı, əksinə, insanlar təqib olundular, zorakılıqlara, repressiyalara məruz qaldırlar. Xeyli insan həbs olundu və onlardan 15 nəfəri bu gün vicdan məhbusu kimi həbsdədir. Arif bəy (Arif Hacılı) başda olmaqla bir çox dostlarımız, silahdaşlarımız həbsdədir. Bu, hesab edirəm ki, Azərbaycan hakimiyyətinin alnında qara bir ləkədir. İnsanları ifadə azadlığına görə, sərbəst toplaşmaq azadlığını bərqərar etmək cəhdinə görə həbs etmək, onları uzun müddətə həbsə atmaq Azərbaycan hakimiyyətinin alnında, bioqrafiyasında bir ləkədir. Eyni zamanda, vicdan məhbusu olan dostlarımızın, silahdaşlarımızın bioqrafiyasında, bu onların azadlığa həsr etdikləri ömürlərinin şərəfli bir ilidir. Bu Azərbaycan insanının azadlığı uğrunda mübarizəyə həsr olunmuş bir ildir. Bəzən fikrilər səslənir ki, onlar əbəs yerə həbsdədirlər. Bunlar düzgün fikirlər deyil. Onlar əbəs yerə həbsdə deyillər, Azərbaycanın inkişafı naminə həbsdədirlər. Onların əbəs yerə həbsdə olmasını güman etmək ona gətirib çıxarar ki, biz razılaşmalı olarıq ki, Azərbaycan xalqının yüz il ərzində demokratiya, istiqlal yolunda apardığı mübarizə əbəsdir, insanlar bu yolda fədakarlıq göstərməməli idilər, həyatlarını, illərini azadlıq ideyalarına həsr etməməli idilər. Bu da təbii ki, belə deyil. Biz, müsavatçı babalarımızla fəxr etdiyimiz kimi, 20-ci əsrin sonunda azadlıq uğrunda, istiqlal yolunda həyatlarını qurban vermiş insanlarımızın xatirəsini uca tutduğunuz kimi, bu gün də azadlıq uğrunda fədakarlıq göstərən insanları yüksək qiymətləndiririk. Bu baxımdan hesab edirik ki, bu bir il onların Azərbaycanda demokratiya uğrunda mübarizə tarixinə qızıl hərflərlə yazdığı bir tarixdir.

Sual: İP yenə aprelin 8-də mitinq keçirəcəyini bəyan edib. Bakı şəhər İcra Hakimiyyəti mitinq keçirməyə icazə verməzsə, mitinq keçiriləcək?

Cavab: Yenə də xatırlatmaq istəyirəm ki, Bakı şəhər İcra Hakimiyyətinin mitinq keçirməyə icazə verib-verməməsi ilə bağlı səlahiyyəti yoxdur. Mitinq, kütləvi tədbir keçirmək vətəndaşın konstitusion hüququdur. Hakimiyyət yalnız tədbirin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməlidir. Təəssüf ki, Azərbaycan hakimiyyəti bütün azadlıqlar kimi, sərbəst toplaşmaq azadlığına da qarşı qanunu pozaraq çox qəddarcasına yanaşır. Ona görə də problemlər qalmaqda davam edir. 8 aprellə bağlı, İP üzvlərinin və rəhbərliyinin mövqeyi belədir ki, biz hər zaman olduğu kimi dinc mitinq keçirmək istəyirik. Buna görə də nisbətən kompromis tipli təkliflər vermişik ki, Təbriz kinoteatrının və ya Nərimanov kinoteatrının qarşısında mitinq keçirək. Əgər, hakimiyyət bu təklifi qəbul edəcəksə və ya ağlabatan bir yer təklif edəcəksə İP palata razılaşdırılmış mitinq variantına gedəcək. Hakimiyyət yenə kobud davranışını davam etdirəcəksə, sərbəst toplaşmaq azadlığına qarşı növbəti qanunsuz addım atacaqsa, o zaman bizim alternativ ideyamız, - 8 apreldə Bakı şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirməkdir və piket keçiriləcək. Sonrakı addımlarımızı isə növbəti günlərdə müzakirə edəcəyik.

Müəllifdən: Azərbaycan hakimiyyəti ölkədə demokratik azadlıqların təmin etdiyini bəyan edir.

Ölkə rəsmiləri, o cümlədən iqtidarda olan “Yeni Azərbaycan” Partiyasının rəhbər şəxsləri bir qayda olaraq İctimai Palatanın təkliflərinə rişxəndlə yanaşıb. “Özünü İctimai Palata adlandıran qurumun təklifləri ictimai rəy üçün heç bir əhəmiyyət kəsb etmir”, - deyə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov qeyd edib.

Mövzuya uyğun

XS
SM
MD
LG