Accessibility links

Baş Prokurorluq Anar Məmmədlinin həbsi ilə bağlı məlumat yayıb


Anar Məmmədli

Anar Məmmədli

Anar Məmmədlinin ABŞ-ın Milli Demokratiya İnstitutunun qrantı müqabilində vergi ödəmədiyi bildirlir. Məmmədli ittihamları qəbul etmir

Respublika Baş Prokurorluğu Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (AMDTM) rəhbəri Anar Məmmədlinin həbsi ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Amerikanın Səsinə daxil olan məlumata görə SMDTM-i və "Könüllülərin Beynəlxalq Əməkdaşlığı" ictimai birliyi adlı qurumların vəzifəli şəxslərinin qulluq səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına dair Vergilər və Maliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə 29 oktyabr 2013-cü ildə Cinayət Məcəlləsinin 192.2.2, 192.2.3,(qanunsuz sahibkarlıq) 213.2.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaqa "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"nin həmtəsisçisi və sədri Məmmədli 2013-cü ilin mayından etibarən qurumun icraçı direktoru Süleymanlı Bəşir ilə birlikdə Amerika Birləşmiş Ştatlarının Milli Demokratiya İnstitutu tərəfindən ayrılmış 276 010 ABŞ dolları məbləğində qrant müqaviləsini dövlət qeydiyyatına alınmış "Könüllülərin Beynəlxalq Əməkdaşlığı" ictimai birliyinin adına rəsmiləşdirilməsi barədə qurumun rəhbəri Məmmədov Elnur ilə razılıq əldə edib.

Bundan sonra, Bəşir Süleymanlının “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” ictimai birliyinin vitse-prezidenti vəzifəsinə təyin olunmaqla bank hesabına köçürülmüş 163 250 ABŞ dolları onun vasitəsilə nağdılaşdırılıb götürülməsində, hüquqi şəxs statusu olmadığı halda SMDTM ictimai əlaqələr üzrə menecer, hüquqşünas, ekspert və digər vəzifələrə işçi qəbulu elan edib özlərinə, işçilərə, eləcə də layihəyə cəlb edilmiş digər şəxslərə həmin pul vəsaitindən əmək haqqı, xidmət və ofislərin icarə haqqı ödənilməsində, ümumilikdə 109 529 manat məbləğində gəlir əldə olunmaqla Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən dövlət büdcəsinə ödənməli olan 19 535 manat məbləğində xeyli miqdarda əlavə dəyər vergisi dövlət büdcəsinə ödənilməməsində, həmçinin Elnur Məmmədovun “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” ictimai birliyinin rəhbəri kimi idarəetmə orqanlarının formalaşdırılması, hüquqi şəxslərin reyestrinə daxil edilməsi üçün hüquq verən rəsmi sənəd olan təsisçilərin ümumi yığıncağının qərarlarına yalan məlumatlar daxil edərək təsisçilərin imzalarını saxtalaşdırmasında əsaslı şübhələr mövcuddur.

Anar Məmmədli və Bəşir Süleymanlının Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.2, Elnur Məmmədovun isə həmin məcəllənin 192.2.2, 213.1, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan əməlləri törətmələrində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Bəşir Süleymanlı və Elnur Məmmədov barəsində başqa yerə getməmək haqqında iltizam, Anar Məmmədli barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində cinayət işi üzrə istintaq davam etdirilir.

Hər üç şəxs ittihamları qəbul etmir. Anar Məmmədli ittihamları sifariş hesab edir. Çoxsaylı beynəlxalq və yerli təşkilatlar hökuməti Anar Məmmədlini həbsdən azad etməyə çağırıb. SMDTM-i Azərbaycanda və beynəlxaq arenada seçkilərin monitorinqi ilə məşğul olur. Təşkilat bu il Azərbaycanda keçirilən prezident seçkilərində çoxsaylə qanun pozuntuları ilə bağlı hesabat yayıb.
XS
SM
MD
LG