Accessibility links

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri həbs edilib


 Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

Anar Məmmədli barədə 3 ay həbs qətimkan tədbiri seçilib

Dekabrın 16-da Nəsimi rayon Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli barəsində 3 ay həbs qətimkan tədbiri seçib. Bu barədə Amerikanın Səsinə SMDTM-nin icraçı direktoru Bəşir Süleymanlı bildirib.

Onun sözlərinə görə, bu gün Anar Məmmədlini, Bəşir Süleymanlının özünü prokurorluğa çağırıblar. Günün sonunda Anar Məmmədovu məhkəmədə müdafiə edən dövlət tərəfindən təyin edilmiş Şöhrət adlı vəkil ona zəng edərək Məmmədli barəsində həbs qətimkan tədbiri seçildiyini bildirib.

Xatırladaq ki, noyabrın 25-də SMDTM-nin rəhbəri Anar Məmmədliyə, mərkəzin icraçı direktoru Bəşir Süleymanlıya və Könüllülərin Beynəlxalq Əməkdaşlıq Birliyinin sədri Elnur Məmmədova ölkədən xaricə çıxmamalaq barədə rəsmi xəbərdarlıq edilib.
Xəbərdarlıq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi tərəfindən edilib.

Oktyabrın 31-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin əməkdaşları Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzində axtarış aparıb.

Məmmədli o zaman Amerikanın Səsinə bildirib ki, külli miqdarda vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla bağlı cinayət işi qaldırılıb. Mərkəzin əməkdaşları istintaqda dindirilib.

SMDTM cinayət işini təşkilata qarşı siyasi təzyiq kimi qiymətləndirir.

Təşkilatın bir neçə gün öncə yaydığı bəyanatda bildirir ki, ilk gündən Baş Prokurorluğun apardığı cinayət işi üzrə hüquq-mühafizə orqanları, o cümlədən prosesə cəlb edilmiş Vergilər, İqtisadi İnkişaf və Maliyyə nazirliklərinin əməkdaşlarının sorğularında iştirak edib. Belə ki, SMDT sədri Anar Məmmədli, İcraçı direktoru Bəşir Süleymanlı və qurumun digər əməkdaşları, habeləKönüllüləein Beynəlxalq Əməkdaşlığının (KBƏ) rəhbəri Elnur Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dəfələrlə şahid ifadələri veriblər.

Ancaq ötən müddət ərzində istintaqın məqsədi ilə bağlı qeyri-müəyyənlik aradan qalxmamış və cinayət işinin hüquqi əsasları bəlli olmamışdır.

SMDT qeyd edir ki, istintaq zamanı şahid ifadələri alınan şəxslərdən dəfələrlə 9 oktyabr 2013-cü il prezident seçkisinin monitorinqi üzrə toplanmış məlumatlar, o cümlədən SMDT və KBƏ-nin birgə seçki fəaliyyəti araşdırılmış, bununla da istintaqın əsasən siyasi məqsəd daşıdığı aydın olmuşdur.

SMDT hesab edir ki, dövlət orqanları tərəfindən seçki müşahidə təşkilatının peşəkar fəaliyyətinin araşdırılması ifadə azadlığı, birləşmək və seçki hüququna münasibətdə yolverilməzdir.

SMDT xatırladır ki, müstəqil seçki müşahidə təşkilatı kimi ölkə vətəndaşları ilə 9 oktyabr 2013-cü il prezident seçkisinin monitorinqi üzrə könüllü qaydada əməkdaşlıq edib və bu fəaliyyət Azərbaycan Respublikası Konstitusiyası, o cümlədən Seçki Məcəlləsinin müddəaları3 əsasında həyata keçirilib.

SMDT həmçinin qeyd edir ki, fəaliyyət göstərdiyi 10 ildən artıq dönəmdə yerli seçki
müşahidəçiliyini Azərbaycan Respublikasının milli qanunvericiliyi, habelə Azərbaycanın ATƏT-in üzvü kimi qoşulduğu Kopenhagen və Moskva sammitlərinin sənədləri əsasında həyata keçirib. Bu baxımdan SMDT və KBƏ üzvləri 9 oktyabr 2013-cü il prezident seçkisinin keçirilməsi üzrə məlumatlar toplamaq, yaymaq və qiymətləndirmə aparmaqda cinayət əməli törətməyiblər.
XS
SM
MD
LG