Aprelin 22-də İsrailin xarici işlər naziri Aviqdor Liberman Bakıya rəsmi səfərə gəlib.
İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir Liberman prezident İlham Əliyev, baş nazirin müavini Yaqub Eyyubov, xarici işlər naziri Elmar Məmmədyarov və fövqəladə hallara naziri Kəmaləddin Heydərovla görüşəcək.
Cənab Liberman Azərbaycan Dillər Universitetinin nəzdində İsrail Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, xarici işlər nazirlərinin görüşündə əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.
Cənab Liberman iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən Azərbaycanla İsrail arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyi qeyd olunub. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyəti qeyd edilib.
Mətbuat xidməti görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparıldığını bildirir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərin görüşdə İranla bağlı məsələnin gündəlikdə olub-olmaması ilə bağlı sualının cavabında, İran məsələsinin müzakirə mövzusu olmadığını bildirib. “İsrail xarici işlər nazirinin səfəri hər hansı xarici ölkəyə qarşı yönəlməyib. Cənab Libermanın rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına xidmət edir. Eyni zamanda, Azərbaycanın xarici siyasəti heç bir dövlətin əleyhinə yönəlməyib”.
E.Abdullayev Azərbaycana qarşı ittihamları absurd adlandırıb. “Azərbaycan qonşuları ilə münasibətlərin inkişafında maraqlıdır. Biz qonşularla münasibətlərin inkişaf etdirilməsinə yüksək yanaşırıq. Bu həmdə regionun inkişafı deməkdir. Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Naxçıvan bəyanatı da buna parlaq sübutdur”, - deyə o qeyd edib.
Trend Agentliyinin məlumatına görə, bu gün İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycan Xarici Dillər Universitetində İsrail və Yaxın Şərq Araşdırmaları Mərkəzinin açılışında da iştirak edib.
“Yəhudi xalqının nümayəndələri Azərbaycanda özlərini həmişə evdəki kimi hiss edib, çünki Azərbaycan bütün millətlərin təmsilçilərinin özünü rahat hiss etdikləri unikal ölkədir”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycan və İsrail arasında münasibətlər həmişə yaxşı olub və bütün istiqamətlər üzrə inkişaf etməkdə davam edir. “Azərbaycanın nüfuzlu universitetlərinin birində belə mərkəzin yaradılması, habelə bu ali məktəbdə ivrit dilinin öyrənilmə səviyyəsi bunun parlaq nümunəsidir".
İsrail xarici işlər nazirinin rəsmi səfəri aprelin 24-dək davam edəcək. Cənab Liberman sonuncu dəfə Bakıya 2010-cu ilin fevralında gəlib.