Accessibility links

Bu günlər Ukraynada cərəyan edən hadisələrin keçmiş Sovet məkanı üçün əhəmiyyətini şişirtmək çətindir. Millət tarixi seçim qarşısında dayanıb. Bəziləri bu seçimi sırf iqtisadi seçim kimi dəyərləndirir, Rusiya və Avropanın Ukrayna xalqına gətirəcəyi real mənfəətləri müqayisə etməyə cəhd edirlər. Vladimir Putinin idarə etdiyi Rusiyada mübarizəyə Qərblə əsrlər boyu cərəyan edən ərazi-nüfuz mücadiləsi çaları da qatılır. Rusiya mediasında hətta olaylarla bağlı Poltava döyüşünə də istinad edilib. Söhbət 1709-cu ildə İsveçlə müharibədə rusların qalib gəldiyi döyüşdən gedir ki, bu, ruslarla tevtonların tarixi rəqabətində Möhtəşəm Rusiya üçün parlaq bir epizod kimi Sovet məktəblərində bizlərə şövqlə tədris olunurdu.

2000-ci ildə hakimiyyətə gəldikdən bəri Vladimir Putinin başlıca prioriteti sabiq Sovet məkanında baş verən bütün debatların mərkəzinə Rusiyanın rolunu qabartmaq olub. Bu baxımdan cənab Putinin nailiyyətlərini kiçiltmək olmaz. Sovet İttifaqının dağılmasını “20-ci əsrin ən böyük geo-siyasi fəlakati” adlandıran lider Gürcüstanda, Moldovada, Ukraynada və hətta uzaq Suriyada demokratik dünya ictimaiyyətini Rusianın möqeyi ilə hesablaşmağa vadar edib. Buna nail olmaq üçün Vladimir Putin yumşaq diplomatiyadan daha çox çılpaq hərbi, iqtisadi və siyasi təzyiqlərə əl atıb. İllər keçdikcə dünya ictimaiyyəti cənab Putinin bu davranışına o dərəcədə öyrəşib ki, artıq Rusiya liderinin beynəlxalq arenadakı davranışı norma halını alıb. Yaranan təsəvvür budur ki, Moskva hər vəchlə siyasi prosesləri 20-ci əsrin dəyərlərinə qaytarmağa, sıfır-cəm formullu müstəviyə çıxarmaq istəyir. Sabiq DTK əməkdaşı üçün belə bir müstəvi əlverişli döyüş meydanıdır. Başqa tərəfdən Ukraynada cərəyan edən hadisələri geosiyasi qarşıdurma kimi təqdim etmək reallığı dolğun əks etdirmir.

Washington Post qəzetində məqalə ilə çıxış edən universitet professoru Judith Baumel ukraynalı həmkarından aldığı məktubu oxucularla paylaşır. “Bizə yardım edin,” Maryana Stavka Lvovda yazır. “Ukraynalılar Avropa İttifaqı ilə qaba Vladimir Putin arasında sadəlövh piyada deyillər. Onlar inqilab istəmirlər. Biz səbrli və sülhpərvər xalqıq. Ukraynalılar aşkarlıq, plüralizm, ifadə azadlığına hörmət edən mühit istəyirlər” Elə bir mühit ki, o, Rusiyada və onun yaxın müttəfiqi olduğu dövlətlərdə yoxdur. Ukraynalılar Rusiyaya üz tutmaqla nə qazanacaqlarını, Avropadan üz döndərməklə nə itirəcəklərinın fərqindədirlər. Qış fəslində soyuqdan əsmək heç kim üçün xoş deyil. Heç şübhəsiz, ukraynalıların əksəriyyəti Rusiya ilə normal münasibətlərin tərəfdarıdırlar. Ən azı rusların məskunlaşdığı Şərqi Ukraynada bu hiss kifayət qədər güclüdür. Ancaq özünə hörmət edən bütün millətlər kimi ukraynalılar da bu münasibətlərin qarşılıqlı hörmət çərçivəsində olmasını arzulayırlar. Bunun üçünsə Rusiya hökuməti Ukrayana və ümumilikdə sabiq Sovet respublikalarının suveren dövlət olmalarını qəbul etməli və onların müstəqil xarici siyasət yürütmək hüquqlaını birdəfəlik tanımalıdır.

Söhbət dolanışıqdan gedirsə, günün sonunda Avropaya inteqrasiyanın bəxş etdiyi perspektivi başqa heç bir kurs vəd etmir. Rusiyanın orbitindən ən tez çıxmış Baltik Respublikalarında bu gün həyat standartları kifayət qədər yüksəkdir.
İlk baxışdan iqtisadi böhran və yüksək işsizliklə üzləşən Avropa ilə inteqrasiyanın Ukrayna iqtisadiyyatına konkret bəhrəsini müəyyən etmək sadə məsələ deyil. Fakt budur ki, Rusiya Ukraynanı təkcə qazla təchiz etmir. Zəif sənayeyə malik əksər sabiq Sovet respublikaları üçün Rusiya həm də nəhəng bazardır. Rusiya-Gürcüstan münasibətlərinin gərginləşməsinin əsas zərbəsi gürcü şərablarının Rusiyaya idxalına qoyulan qadağasında hiss olunurdu. Bundan əlavə suveren siyasət yürütməyə can atan bir çox post-Sovet dövlətlərinin böyük sayda vətəndaşları iş dalınca Rusiyaya üz tuturlar və bu ölkənin vəd etdiyi geniş imkanlar çoxları üçün dolanışıq mənbəyidir.

Lakin azad insan hər şeyi qarınla ölçmür. Narıncı İnqilab etmiş ukraynalılar azadlığı dadıblar və prezident Viktor Yuşçenkonun dönəmində demokratiyaya artan iştah qalmaqdadır. Ukraynalılar azad söz deməyin, müstəqil fikir yürütməyin, nümayiş keçirməyin, hökumət seçməyin, ədalətli məhkəmələrin qədrini bilirlər və bunu qaza, hətta çörəyə qurban vermək istəmirlər. Əslində isə seçim heç çörəklə demokratiya arasında da getmir. Qərb dövlətlərinin təkamülü göstərir ki, demokratik millətlər həm də dünyanın ən varlı millətləridir. Bu baxımdan, söhbət dolanışıqdan gedirsə, günün sonunda Avropaya inteqrasiyanın bəxş etdiyi perspektivi başqa heç bir kurs vəd etmir. Rusiyanın orbitindən ən tez çıxmış Baltik Respublikalarında bu gün həyat standartları kifayət qədər yüksəkdir – istənilən başqa sabiq Sovet respublikası ilə müqayisədə. 2013-cü ildə adambaşı ümumdaxili məhsul Litvada $22,788, Estoniyada $22,731, Latviyada isə $19,385 dollar olub. Təbii sərvətlərlə qat-qat zəngin olan Rusiyada isə bu rəqəm $15,000-dən aşağıdır. Göründüyü kimi, demokratiya olan yerdə çörək də var. Nə qədər kiçik, nə qədər sərvətsiz olsa da.

XS
SM
MD
LG