Accessibility links

Nabil Seyidov: Azərbaycanda iki minə yaxın küçədə yaşayan uşaq var [Video-Müsahibə]


Nabil Seyidov: Azərbaycanda iki minə yaxın küçədə yaşayan uşaq var
please wait

No media source currently available

0:00 0:07:11 0:00

Nabil Seyidov: Azərbaycanda 2000-ə yaxın küçədə yaşayan uşaq var

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatorunun Amerikanın Səsinə müsahibəsi

Uşaq Hüquqları üzrə Azərbaycan Qeyri Hökumət Təşkilatları (QHT) Alyansının milli koordinatoru Nabil Seyidov Amerikanın Səsinə müsahibəsində küçədə yaşayan uşaqlar, onların reabilitasiyası və hüquqlarının müdafiəsi sahəsindəki problemlərdən danışıb.

Amerikanın Səsi: Azərbaycanda uşaq hüquqları ilə məşğul olan çoxsaylı h­ökumət qurumları var. Bununla yanaşı qeyri-rəsmi məlumatlara görə, küçələrdə yaşayan yüzlərlə uşaq himayə edilmir. Səbəbi nədir?

Bu uşaqlar Bakıda əksər hallarda dilənçiliyə sövq edilir və ya digər sahələrdə əməyin istismarı həyata keçirilir.

Nabil Seyidov: Səbəbi müxtəlifdir. Azərbaycanda uşaqlar arasında aparılan çoxsaylı sorğular olub. Sonuncu sorğu 2011-2012-ci illərdə olub. Eyni zamanda, KİV əməkdaşları bu məsələləri tez-tez araşdırır.

Ölkədə fəaliyyət göstərən çəmi bir neçə reabilitasiya mərkəzi var ki, onlar bu cür uşqalarla tez-tez təmasda olurlar. Toplanmış məlumatların təhlili göstərir ki, səbəblərdən birincisi təəssüf ki, yoxsulluq, kasıbçılıqdır. İkinci çox yayılmış bir səbəb, ailədə çox uşağın olması və hansısa uşağın baxımsız, diqqətdən kənarda qalmasıdır. Üçüncü bir səbəb, əlbəttə yenə də yoxsulluqla bağlıdır, lakin Bakı şəhəri ilə bağlı deyil, regionlardan uşaqların Bakıya axınıdır. Bu uşaqlar Bakıda əksər hallarda dilənçiliyə sövq edilir və ya digər sahələrdə əməyin istismarı həyata keçirilir. Yaxud da ailələrinə kömək üçün könüllü olaraq müxtəlif işlərlə məşğul olurlar. Onlar həm bazarda işləyə, həm küçədə maşın yuya, həm dilənə, həm semiçka (tum) sata bilərlər və s.

Amerikanın Səsi: Biz bir neçə gündür bir neçə uşağın internatlarda yerləşdirlməsi ilə bağlı müxtəlif qurumlarla əlaqə saxlamışıq. Məlum olub ki, çoxsaylı qurumlar olmasına baxmayaraq heç bir qurumda küçədə yaşayan uşaqların reabilitasiyası üçün konkret mexanizmlər yoxdur. Vəziyyətdən çıxışı nədə görürsünüz?

Uşaqlarla iş aparan qurumlar bunu pərakəndə şəkildə edir, bu isə uşağı əhatə edib kompleks şəkildə onun ailəsi ilə bağlı problemləri həll etməkdə çətinlik yaradır.

Nabil Seyidov: Bu məsələyə biz, BMT-nin İnsan Hüquqları Komitəsinə 2005-ci ildə ünvanladığımız alternativ hesabatda, eyni zamanda 2011-ci ildə yenə də BMT-nin Cenevrədəki komitəsinə göndərdiyimiz alternativ heasabatda toxunmuşuq. Azərbaycanda mövcud olan və uşaqlarla birbaşa təmasda olan icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyalar keçmiş Sovetlər İttifaqından qalan qurum olduğu üçün müasair dövrdə fəaliyyətini təkmil qura bilmir. Digər tərəfdən həm yerli, həm də milli səviyyədə bir neçə dövlət qurumu da var. Onalrın da arasında tam əlaqəli şəkildə fəaliyyətin qurulması mümkün olmadığı üçün pərakəndəlik yaranıb. Beləliklə, uşaqlarla iş aparan qurumlar bunu pərakəndə şəkildə edir, bu isə uşağı əhatə edib kompleks şəkildə onun ailəsi ilə bağlı problemləri həll etməkdə çətinlik yaradır. Təklifimiz ondan ibaətdir ki, icra hakimiyyətləri yanında azyaşlılar komissiyası reformaya uğramalıdır. Reforma da ondan ibarətdir ki, onlar ictimai əsaslarla yaradılan komissiya yox, konkret bir idarə qismində, əməkdaşları, sosial işçiləri, psixoloqları, sosioloqları olan bir qurum kimi fəaliyyət göstərməlidir. Bunu etməyənə qədər, təəssüflə qeyd etmək lazımdır ki, mövcud şəraitdə komissiyalar uşaqların imdadına çata bilmir. Digər bir məsələ, Azərbaycanda “Sosial Sifariş haqqında” qanun qüvvədə olsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən QHT-lərə sosial qranlar verilsə də, birincisi qrantların verilməsi çox məhdud şəkildədir, ikincisi proqramsız həyata keçirilir. Üçüncü də bu cür reabilitasiya mərkəzlərinin sayı Azərbaycanda deməki olar ki, çox aşağı səviyyədədir. Əksəriyyəti ya Bakıdadır, ya da iri şəhərlərdədir və yalnız uşaqların bir qrupunu əhatə edə bilir.

Amerikanın Səsi: Ölkədə uşaq sığınacaqlarında durum necədir?

Cəmi iki tanınan sığınacaq var.

Nabil Seyidov: Sığınacaqların sayı demək olar ki, sıfır səviyyəsindədir. Cəmi iki tanınan sığınacaq var. Onların biri “Ümid Yeridir”, digəri Azərbaycan Uşaq Birliyinin sığınacağıdır. Digər bir, Yasamal rayonunda “Gün Ərzi” Uşaqlar üçün Mərkəz var, lakin orada gecələmək mümkün deyil. Onların da fəaliyyəti bir qədər çətindir. Birincisi dövlət tərfindən maliyyə dəstəyi məhdud şəkildədir, ikincisi onların uşaqlara göstərdiyi xidmətlər məhduddur, yəni uşaqların orada daha çox gecələməsi, qidalanması təmin olunur. Lakin, uşaqların gələcəyi üçün reabilitasiyanın aparılması, məktəbə qaytarılması, ailəyə inteqrasiya edilməsi (əgər öz valideynləri yoxdursa himayədar ailələrin tapılması), uşağın gələcəyinin təmin edilməsi üçün digər zəruri addımların atılması həmin küçə uşaqları üçün sığınacaqlar tərəfindən təmin edilə bilmir.

Amerikanın Səsi: Azərbaycanda hələ də uşaq ombudsmanı yoxdur. Fikrinizcə, uşaq hüquqlarının qorunması üçün vahid mexanizmə ehtiyac varmı?

Əhalisinin 3,5 milyondan çoxu uşaqlar olan bir ölkədə ixtisaslaşmış uşaq ombudsmanının yaradılması xüsusi əhəmiyyət kəsb edir.

Nabil Seyidov: Bununla bağlı Uşaq Hüquqları üzrə QHT Alyansı Azərbaycan Respublikası prezidentinə də müraciət edib. Hesab edirik ki, əhalisinin 3,5 milyondan çoxu uşaqlar olan bir ölkədə ixtisaslaşmış uşaq ombudsmanının yaradılması xüsusi əhəmiyyət kəsb edir.

Amerikanın Səsi: Biz Amerikanın Səsi olaraq Bakı şəhərində küçədə yaşayan uşaqlar ilə bağlı müşahidələr aparmışıq. Bizə məlum olub ki, paytaxtda küçədə yaşayan uşaqlar şəbəkələşibdir. Paytaxtın müxtəlif istiqamətlərində onlar yığışır. Bunun qarşısını almaq üçün nə etmək lazımdır?

İcra hakimiyyətlərində olan azyaşlılarla iş üzrə komissiya ilə reabilitasiya mərkəzləri və sığınacaqlar birgə işləməlidir.

Nabil Seyidov: Müxtəlif hesablamalara görə, Azərbaycanda ümumilikdə 2000-ə yaxın küçədə yaşayan uşaq var. Onların da fəsildən asılı olaraq 500-600 nəfəri Bakı şəhərində olur. Bu uşaqlarla işin aparılması üçün mütləq hüquqi yardım xidməti təşkil edilməlidir. İcra hakimiyyətlərində olan azyaşlılarla iş üzrə komissiya ilə reabilitasiya mərkəzləri və sığınacaqlar birgə işləməlidir. Onların müvəqqəti yerləşməsi üçün sığınacaqlarla yanaşı internat məktəblərində xüsusi müvəqqəti yerləşdirmə imkanları əldə olunmalıdır. Əlbəttə, uşaqlaırn ailələri varsa, onların tapılması, ailələrlə iş aparılması, uşaqların ailələri ilə inteqrasiyası üçün sosioloqlar və psixoloqlar fəaliyyət göstərməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG