Son 4 aydır xüsusi hazırlanmış çəlləklə Atlantik okeanında üzən fransız səyahətçi hədəfinə çatıb.
"122 gün və 9 saat sonra mən Karib dənizindəyəm. Səfərim bitdi. Hər kəsə təşəkkür edirəm" - deyə, 72 yaşlı Jan-Jak Savin özünün Facebook səhifəsində yazıb.
Savin bildirib ki, o, ABŞ sahillərinə doğru yola çıxmışdı və onu ən yaxın limana aparacaq gəmi axtarıb.
Savinin qeyri-adi tərzdə hazırlanmış çəlləyi mühərrik, avar və ya yelkənlər olmadan, sadəcə küləklər sayəsində Kanar adalarından Kariblərə qədər 4800 km yol qət edib.
Parlaq narıncı rəngdə olan, külək və dalğaya davamlı materialdan hazırlanmış çəlləyin uzunluğu 3, eni isə 2 metrdir. Çəlləyin müxtəlif tərəflərində quraşdırılmış pəncərələr içəriyə günəş şüasının daxil olması və əyləncə üçün dizayn edilib.
Bənzərsiz sənət nümunəsi həmçinin GPS və digər kommunikasiya aparatlarının işləməsi üçün günəş panelləri ilə də təmin edilib.