Accessibility links

Çeçenistanda həbsdə olan insan hüquqları müdafiəçisi Vatslav Havel mükafatı alıb


Oyub Titiyev Çeçenistan paytaxtı Qroznıda keçirilən məhkəmə dinləməsində, 18 iyul, 2018.
Oyub Titiyev Çeçenistan paytaxtı Qroznıda keçirilən məhkəmə dinləməsində, 18 iyul, 2018.

Avropa Şurası Parlament Assambleyasının Vatslav Havel adına insan hüquqları mükafatı Rusiyanın Çeçenistan respublikasında həbsdə olan insan haqları müdafiəçisi Oyub Titievə verilib. Bu haqda bazar ertəsi AŞPA-nın Strasburqda sessiyasının açılışında qurumun sədri Lilian Mori Paskye bildirib.

Oyub Titiyevin müraciəti Avropa Şurası Parlament Assambleyasının tribunasından səsləndirilib. Müraciətdə insan hüquqları müdafiəçisi Çeçenistanda mövcud olan “cəzasızlıq şəraiti” və onun bildirdiyinə görə, “işgəncələr və təhqirlərlə müşayiət olan saxtalaşdırılmış cinayət işləri” haqda məlumat verib. Titiyev özünə qarşı cinayət işinin itkin düşmüş insanların axtarışı və Çeçenistan müharibəsində insanların qətllərində günahkar olan insanların müəyyən edilməsi işinə görə qisas olduğunu bildirir. O, müraciətdə Çeçenistanda qətlə yetirilmiş insan hüquqları müdafiəçisi Natalya Estemirovanın taleyindən bəhs edib.

Oyub Titiev Çeçenistanda yanvar ayının 9-da həbs olunub. Ona qarşı narkotiklərin saxlanması və daşınması ittihamları irəli sürülb. Hazırda Çeçenistanda onun məhkəmə prosesi davam edir.

Oyub Titiev Rusiyanın "Memorial" insan haqları qrupunun Çeçenistan filialının rəhbəri idi. Onun sələfi, çeçen jurnalist və insan hüquqları müdafiəçisi Natalya Estemirova 2009-cu ildə öldürülüb.

“Biz Titiev və onun həmkarlarının qarşılaşdığı çətinliklərdən tam xəbərdarıq”-deyə, AŞPA prezidenti Lilian Mori Paskye bildirib.

“Bu mükafat onun və "Memorial"ın gördüyü işin tanınmasıdır. Bu, həm də regionda hüququn aliliyi və insan haqları prinsiplərinin təsdiq olması üçün çalışanların hamısına bir mesajdır”, AŞPA prezidenti vurğulayıb.

XS
SM
MD
LG