Accessibility links

Çernobıl qəzasının Azərbaycandakı əlilləri necə yaşayırlar? 


Ukraynada 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında baş verən partlayış 33 ildən sonra yenidən gündəmə gəlib.

Amerikanın HBO kanalının Çernobılla bağlı çəkdiyi serialdan sonra indi dünyanın tanınmış media qurumları bu faciədən yazır, hətta Çernobılı öz gözləri ilə görmək istəyənlər üçün müxtəlif turlar da təşkil olunur.

Azərbaycanda Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov 33 ildən sonra bu hadisənin gündəmə gəlməsinə çox sevinir. Amma təəssüflənir ki, Azərbaycandan olan 3 min Çernobıl əlili bu günü görmədi:

“Çernobıl faciəsinin mahiyyətini, bizim 33 ildə edə bilmədiklərimizi bu film ortaya qoya bildi. Bu gün bəşəriyyət Çernobıl hadisələrinin necə bir ağrılı faciə olduğu görə bildi. Bu gün Azərbaycan gəncləri bu faciə haqda danışır. Mən buna həm sevinirəm, həm də təəssüflənirəm. Təəssüflənirəm ki, indi həyatda olmayan insanlar da onların xidmətinə qiymət verilməsinin arzusunda idilər”.

Çernobılda qəzadan sonra ətrafa radiasiya yayılmasının qarşısını almaq və qəzanın nəticələrinin aradan qaldırılması işlərinə SSRİ rəhbərliyi 600 min nəfəri cəlb edib. Onların arasında 8 min nəfərdən çox azərbaycanlı da var idi.

Yüksək şüalanmaya məruz qalan bu insanlar sonradan müxtəlif xəstəliklərə tutulublar. Bizimlə söhbət edən Çenobıl əlilləri deyirlər ki, nəinki onların özlərində, hətta sonradan doğulan övladlarında da müxtəlif xəstəliklər yaranıb:

“Mənim oğlumun sifət quruluşu anormaldır. Onun səhhətində də müxtəlif problemlər var. Özümün isə möhkəm oynaq ağrılarım olur. Özümü həmişə halsız hiss edirəm”.

“Mənim övladlarımın hər ikisi əlilldir. Onlardan birinə əlillik dərəcəsi ala bilmişəm. Amma digərinə ala bilmirəm. Hamısı bu Çernobıl qəzasının nəticəsidir. Bizə heç bir köməklik, dəstək yoxdur”.

Çernobıl əlilləri deyirlər ki, onların müalicə, ev və digər problemləri var. Onlar üçün təyin olunan 200 manat prezident təqaüdünü almamasından şikayət edənlər də var.

Çernobl əlili Vüqar Salahov deyir ki, bu faciədən daha da faciəlisi əlillərə olan münasibətdir:

“Prezident İlham Əliyevin sərəncamı ilə Çernobıl əlillərinə 200 manat təqaüd verilməlidir. Amma mən bu pulu ala bilmirəm. Üç gün öncə Əmək və Əhalinin Müdafiəsi Nazirliyindən mənə cavab gəlib ki, diaqnoz natamamdır. Mən başa düşmürəm bunların elə bir güclü laboratoriyaları varmı, mənim bədənimdəki ağrıları ölçə bilsinlər. Bizə olan münasibət, Çernobıl faciəsindən daha faciəlidir. Mən illərdir ev növbəsindəyəm. Qardaşımın evində yaşayıram, uşaqlarım böyüyür iki ailənin bir evdə qalması problem yaradır. Qardaşım məni evdən çıxarmaq istəyir. Bəs, mən nə edim? Hara gedim”.

Biz bu deyilənlərə Əmək və Əhalinin Müdafiəsi Nazirliyindən də cavab almağa çalışdıq. Amma telefonlarımıza cavab verən olmadı.

Amma bu ilin aprelin 22-də Çernobıl faicəsinin 33-cü ildönümü ilə bağlı keçirilən tədbirdə qeyd olunub ki, hökumət Çernobıl əlillərinin tibbi, sosial və mənzil-məişət problemlərinin həlli sahəsində ciddi işlər görür. İndiyədək 300-dən çox Çernobıl əlili mənzil və avtomobillə təmin olunub.

Çernobl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov isə deyir ki, hazırda hökumət Çernobıl əlillərinə də Qarabağ mübahirəbəsi əlliləri və şəhid ailələri üçün tikilən binalarda mənzil ayırmaq məsələsini müzakirə edir. O düşünür ki, Çernobıl haqda filmdən sonra bu məsələ hökumət dairələrində də aktuallaşacaq.

AzadlıqRadiosu bu barədə Bakı sakinləri arasında da sorğu keçirib. Onlar Çernobıl qəzası haqqında nə bilirlər:

​Qanuna görə Azərbaycanda Çernobl əlillərinə dərəcəsindən asılı olaraq, 210 manatdan 250 manata qədər prezident təqaüdü və sosial müavinət verilməlidir.

Azərbaycan Çernobıl Əlilləri Cəmiyyətinin məlumatına görə, 33 il öncə Çernobıl Atom Atom Elektrik Stansiyasındakı qəzanın nəticəsini aradan qaldırmağa göndərilən azərbaycanlılardan hardasa 5 min nəfəri hazırda sağdır.

AzadlıqRadiosu

XS
SM
MD
LG