Accessibility links

Çex Respublikası ümummilli test proqramına başlayır


Avropanın əksər ölkələri kimi son həftələr yoluxmaların sürətlə artdığı Çex Respublikası da çərşənbə günü virusun yayılmasının qarşısını almaq ümidi ilə ümummilli COVID-19 testlərinə başlayıb.

Çex Respublikasının Səhiyyə Nazirliyi ölkə boyu 170 test mərkəzində pulsuz Antigen testləri təklif edir. Təxminən 15 dəqiqə çəkən Antigen testlərinin nəticəsi standart polimeraz zəncirvari reaksiya (PCR) laboratoriya testlərindən daha ucuz və daha sürətli olsa da, o qədər də dəqiq deyil. Nazirlik bu testə müsbət nəticə verən şəxsi PCR testinə göndərəcək.

Səhiyyə Nazirliyi gündə 60 000 test keçirəcəyinə ümid edir. Nazirliyin veb saytında deyilir ki, insanlar hər beş gündə bir testdən keçə bilər. Testlərin ilk günü, çərşənbə günü minlərlə insan qeydiyyatdan keçib.

Çex Respublikası oktyabr və noyabr aylarında Avropada adambaşına yoluxmanın ən böyük sıçrayışını yaşadı və 10.7 milyon əhalisi olan bu ölkədə koronavirusdan təxminən 10 000 insan öldü.

Pandemiyaya yavaş reaksiya verdiyinə görə tənqid olunan hökumət bu yaxınlarda COVID-19 məhdudiyyətləri tətbiq edərək, barları, restoranları və otelləri bağlayıb, gecələr isə komendant saatı tətbiq edib.

XS
SM
MD
LG