Accessibility links

Çikaqoda atışma zamanı 14 nəfər yaralanıb


Çikaqo polisinin bildirdiyinə görə, çərşənbə axşamı gecə şəhərin cənub bölgəsindəki mərasim evinin qarşısında baş verən silahlı qarşıdurma zamanı mərasimə toplaşanlardan 14 nəfər yaralanıb.

Çikaqo Polis İdarəsi rəisinin birinci müavini Erik Karter jurnalistlərə yas mərasiminə toplaşanlara atəşin sport tipli qara bir avtomobildən açıldığını deyib. O, hədəf alınanlardan bir neçəsinin cavab atəşi açdığını bildirib.

Karter sürətlə gedən avtomobilin sonradan qəzaya uğradığını, içərisində olan hücumçuların isə müxtəlif istiqamətə qaçdıqlarını deyib. Onun sözlərinə görə, qurbanlar arasında uşaqlar olmayıb və hadisə yerində azı 60 mərmi aşkar edilib.

Karter bu hücumda marağı olan bir şəxsin sorğu-sual edildiyini, lakin həbs edilənlərin olmadığını, yas mərasimində cavab atəşi açanların isə kimliyinin məlum olmadığını bildirib.

Polis sözçüsü ağır vəziyyətdəki qurbanların Çikaqo Yanğınsöndürmə İdarəsi tərəfindən yaxınlıqdakı xəstəxanalara aparıldığını desə də, atışmanın səbəbi barədə heç nə deməyib.

Çikaqo meri Lori Laytfot çərşənbə axşamı Tvitter səhifəsində silahlıları "qorxaq" adlandırıb və atışma haqqında məlumatı olan insanları məlumat verməyə çağırıb. O, hücumda əli olanların qanun qarşısında cavab verəcəyini deyib. “Biz qatillərə sığınacaq verə bilmərik. İnsanlar kimin məsuliyyət daşıdığını bilir” - deyə, o bildirib.

XS
SM
MD
LG