Çin ABŞ-la aralarındakı ticarət müharibəsinə son qoymaq məqsədilə əldə etdiyi ilkin razılığın bir hissəsi olaraq 75 milyard dollar dəyərində ABŞ idxallarına tarifləri azaldacaq.
Maliyyə Nazirliyi cümə axşamı bəyanat yayaraq, fevralın 14-dən etibarən bəzi mallar üzərindəki tarifləri 10 faizdən 5 faizə, digərlərində isə 5 faizədən 2,5 faizə azaldacaqlarını bildirib.
Soya paxlası, donuz əti, dəniz məhsulları və avtomobil hissələri kimi bir sıra məhsullar üzərində tariflər azalacaq. Pekin tarifləri Vaşinqtonun 120 milyard dollar dəyərində Çin mallarına tarifləri azaldacağı gözlənilən gün azaldacaq.
Tariflərin azalması hər iki ölkənin vasitəçiləri tərəfindən ötən ay imzalanan razılığın “ilkin mərhələsinin” bir hissəsidir. Razılıq 2018-ci ilin iyun ayında tətbiq olunmağa başlayan bir sıra tariflərə son qoyub. Tarif müharibəsi Donald Trampın Çinin ticarət, subisidiya və intellektual mülkiyyət sahəsindəki əməllərində dəyişiklik tələbi nəticəsində başlayıb.
Tramp administrasiyası bildirir ki, razılıq nəticəsində Amerikanın kənd təsərrüfatı məhsullarının və enerjisinin Çinə ixracı artacaq.
Həmçinin razılığa əsasən, Pekin Amerika şirkətlərinin intellektual mülkiyyətini daha çox qorumalıdır və xarici şirkətləri texnologiyanı transfer etməyə məcbur etməyə son qoymalıdır. Bu şərtlərin necə həyata keçirləcəyi isə hələ ki, məlum deyil.
ABŞ həm də Pekinin dövlətə məxsus şirkətlərə subsidiyaları azaltmasını və Amerika şirkətlərinə Çinin bazarlarına daha böyük çıxışla təmin etməsini istəyir.