Accessibility links

Çin COVID-ə qarşı peyvənd proqramına hazırlaşır


Çin koronavirusa qarşı genişmiqyaslı peyvənd kampaniyası keçirməyə hazırlaşır.

Associated Press agentliyinin verdiyi məlumata görə, səhiyyə rəsmiləri hələ vaksinin necə təsir göstərdiyi və ya ölkənin 1,4 milyard əhalisi arasında necə bölüşdürüləcəyi barədə bir söz demədiyi halda, ölkə daxilində vilayət rəhbərləri koronavirusa qarşı yerli istehsal olan eksperimental peyvəndlər üçün sifarişlər verir.

Associated Press Çinin bir milyondan çox səhiyyə işçisinə təcili istifadə haqda icazəyə uyğun olaraq eksperimental peyvənd vurulduğunu, lakin mümkün yan təsirlərlə bağlı hansısa göstəricilərin olmadığı barədə məlumat verib.

Bu arada, Birləşmiş Ştatlarda, Kaliforniyanın cənubunda və San Joaqin vadisində milyonlarla insan üçün bazar günü gecədən etibarən yeni məhdudiyyətlərə əsasən evdə qalma sərəncamı tətbiq olunur.

Kaliforniyada verilən sərəncama əsasən, bazar günü gecədən etibarən açıq havada bütün restoranlar, ictimaiyyət üçün açıq oyun meydançaları, açıq havada muzeylər, zooparklar və akvariumlar, gəzinti üçün üstü açıq avtobuslar və gəzinti gəmiləri bağlanacaq. Ərzaq mağazaları da daxil olmaqla, bütün digər pərakəndə satış müəssisələri işçilərin say həddinin 20 faiz azaldılması rejimində işləyəcək.

Cənubi Koreyada COVID-19-a yoluxma hallarının artması nəticəsində rəsmilər paytaxt Seulda və ətraf bölgələrdə yeni məhdudlaşdırıcı tədbirlər görməli olub.

Çərşənbə axşamı günündən etibarən idman salonları və karaoke barları bağlanacaq, 49 nəfərdən çox insanın iştirak etdiyi toplantılara icazə verilməyəcək və dini xidmətlər yalnız onlayn və ya yayım vasitəsilə keçiriləcək.

Rusiyada sürətlə artan yoluxma hallarının qarşısını almaq məqsədilə şənbə günü COVID-19-a qarşı peyvənd proqramına başlanılıb. Moskvanın klinikalarında insanlara Rusiyada hazırlanmış Sputnik-V COVID-19 peyvəndi vurulub.

Rusiyanın peyvənd kampaniyasına başlaması Pfizer və BioNTech şirkətlərinin Britaniyanın bu yaxınlarda təsdiq etməsindən sonra gələn həftə peyvənd tətbiq etməyə hazırlaşdığı vaxta təsadüf edir. Dərman istehsalçıları bu ayın sonunda ABŞ tərəfindan təsdiq ala bilər.

XS
SM
MD
LG