Accessibility links

Çin COVID-19-un yayılması haqda məlumat verən jurnalisti 4 il həbs cəzasına məhkum edib


Çinin Şanxay şəhər məhkəməsi bazar ertəsi sabiq vəkil və vətəndaş jurnalistikası ilə məşğul olan Tzang Tzhanı koronavirusun yayılması barədə məlumat verdiyinə görə dörd il həbs cəzasına məhkum edib.

37 yaşlı Tzang Çinin Vuhan şəhərində yayılmağa başlayan epidemiyanı ilk olaraq işıqlandıran bir neçə vətəndaş jurnalistdən biri idi. Onların verdiyi məlumatlarda infeksiyanın yayılması ilə bağlı hökumətin verdiyi rəsmi versiyadan daha ciddi mənzərə təsvir edilirdi. İnsan haqları müdafiəçilərinin bildirdiyinə görə, onun reportajlarında məsuliyyət tələb edən qurbanların ailələrinə qarşı təqiblər yer alıb.

Tzang may ayında rəsmilər tərəfindən nəzarətə alınıb və yalan məlumat yaymaq, xarici mətbuata müsahibələr vermək, ictimai asayişi pozmaq və epidemiya ilə bağlı "bilərəkdən manipulyasiya"da ittiham olunub. Mediada verilən məlumatlara əsasən, o, mayın 14-ü Vuhanda itkin düşüb, bir gün sonra isə 640 kilometr məsafədə olan Şanxay şəhərində həbs olunub. Məhkəmədə ona qarşı rəsmi olaraq, adətən çinli aktivistlərə qarşı tez-tez istifadə edilən "qarışıqlıq salmaq və problem yaratmaq" ittihamı irəli sürülüb.

Tzangın vəkili Tzang Keke Amerikanın Səsinə onun təxminən beş aydır aclıq aksiyası keçirdiyini bildlirib. Məhkəməyə əlil arabasında gətirilən Jang səssiz etiraz forması kimi danışmaqdan imtina edib.

"Onun tək dediyi şey odur ki, vətəndaşların sərbəst özünü ifadə azadlığı var və heç kəsin onu sorğu sual etməyə hüququ yoxdur" - deyə, vəkil bildirib.

Adının açıqlanmasını istəməyən Çinli insan haqları vəkili Amerikanın Səsinə bildirib ki, dörd illik həbs cəzası son dərəcə sərt tədbirdir. "Qarışıqlıq salmaq və problem yaratmaq" ittihamları ümumiyyətlə beş ildən artıq olmayan həbs cəzası ilə nəticələnir. Lakin bu ittihamla ilk dəfə qarşılaşan şəxsə adətən verilən həbs cəzası bir ildir" deyən vəkil bildirib ki, bu addım vəkillər və vətəndaş jurnalistləri arasında qorxu salmağa yönəlib.

Çin 2020-ci ildə COVID-19 xəstəliyinə səbəb olan koronavirusun yayılmasını başlanğıcda ört-basdır etmək və mərhum doktor Li Venliang, vətəndaş jurnalistlər Fang Bing, Çen Qiushi, Li Jehua və Tzang Tzhan da daxil olmaqla məlumatları açıqlayan şəxsləri susdurmaqda günahlandırılır. Doktor Li Pekinin obun dünyanı koronavirusla bağlı xəbərdar etmək cəhdlərinin qarşısını aldıqdan sonra COVID-19 nəticəsində vəfat edib.

Çin isə öz növbəsində bu ittihamları qətiyyətlə rədd edir və ABŞ da daxil olmaqla Qərb ölkələri ilə müqayisədə ölkənin virusa qarşı mübarizədə daha çox uğura nail olduğunu bildirir.

Jurnalistləri Müdafiə Komitəsinin apardığı sorğuya əsasən, Çin 2020-ci ildə dünyada ən çox jurnalistin həbs olduğu ölkə olub və hazırda azı 47 jurnalist həbsdədir.

XS
SM
MD
LG