Accessibility links

Honq Konqda Pekinin yeni təhlükəsizlik qanununa əsasən ilk həbslər edildi


Çinin mərkəzi hökuməti tərəfindən tətbiq olunan yeni milli təhlükəsizlik qanununa əsasən Honq Konq polisi çərşənbə günü ilk həbslərini edib.

Yeni qanunun qüvvəyə minməsindən bir neçə saat sonra ayrı-ayrı yerlərdə əllərində Honq Konqun müstəqilliyinə dair plakatlar olan bir kişi və bir qadın həbs edilib.

Polis Honq Konqun Kouzvey buxtasına toplaşan etirazçılardan ibarət böyük bir dəstəni dağıtmaq üçün su şırnağı və bibər qazından istifadə etdikdən sonra azı 70 nəfəri həbs edib.

Polis nümayiş iştirakçılarının qanunsuz toplaşmaqla yeni milli təhlükəsizlik qanununu pozmaqda ittiham edildiyini bildirib.

Qanun Honq Konqun Britaniya tərəfindən Pekinə təhvil verilməsinin 23-cü ildönümündə qüvvəyə minib. Şəhər rəsmiləri koronavirus pandemiyası riskini əsas gətirərək, təhvil verilmənin ildönümünə həsr edilmiş illik yürüşə qadağa qoyub.

Çərşənbə axşamı Pekində Çin Xalq Konqresinin Daimi Komitəsi tərəfindən təsdiqlənən və prezident Si Tzinpin tərəfindən imzalanan yeni qanun mərkəzi hökuməti Honq Konqda hökumətin devrilməsi, terrorizm, separatizm və xarici qüvvələrlə əməkdaşlığa qarşı təhlükəsizlik ofisi yaratmağa çağırır.

XS
SM
MD
LG